Seçkilər öncəsi gərginlik artır
Mitinq ərəfəsində parlament ətrafında yüzlərlə polis və xüsusi texnika yerləşdirilib
Gürcüstanda müxalifətin bu gün axşama planlaşdırdığı mitinq öncəsi Tbilisinin Rustaveli prospektində və parlament binasının ətrafında xüsusi təyinatlı dəstələr yerləşdirilib.
TASS-ın məlumatına görə, hadisə yerinə yüzlərlə təhlükəsizlik qüvvəsi cəlb olunub, xüsusi texnika və polis avtobusları parlamentin həyətində növbə ilə yerləşdirilir. Rustaveli prospektinə bitişik Azadlıq meydanında isə evakuatorlar hazır vəziyyətdə saxlanılır.
Gürcüstan Daxili İşlər Nazirliyi mitinq öncəsi bəyanat yayaraq etirazçıları qanunlara əməl etməyə çağırıb. Qurum xəbərdarlıq edib ki, qanun pozuntularına yol verən şəxslər barəsində sərt tədbirlər görüləcək.
Xatırladaq ki, oktyabrın 4-də Gürcüstanda yerli hakimiyyət orqanlarına seçkilər keçirilir. Müxalifət həmin gün Tbilisinin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirməyi planlaşdırır. Hakimiyyət artıq bir neçə dəfə xəbərdarlıq edib ki, aksiyada hər hansı zorakılıq və ya təxribat halına qarşı ən sərt addımlar atılacaq.
Qeyd edək ki, keçmiş prezident Mixail Saakaşvilinin yaratdığı “Vahid Milli Hərəkat” partiyasının keçmiş sədri Levan Xabeişvili və həmin partiyanın Tbilisi Şəhər Şurasının üzvü Zviad Kuprava “hakimiyyətin devrilməsinə çağırış” ittihamı ilə saxlanılıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.