Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Saxlanılan QHT sədrləri istintaqdan sonra sərbəst buraxıldı

Hüquq-mühafizə orqanları əlavə qiymətləndirmələr aparır

14

Bir neçə gün əvvəl saxta orden və medallar, habelə müxtəlif təyinatlı vəsiqələr hazırlamaqda şübhəli bilinən bir neçə QHT sədri saxlanmışdı. Aparılan ilkin araşdırmalar nəticəsində onların izahatları alınıb və müvafiq prosessual tədbirlər başa çatdıqdan sonra sərbəst buraxılıblar.

Məlumata görə, araşdırmalar zamanı bu şəxslərin fəaliyyət istiqamətləri və rəhbərlik etdikləri təşkilatların son dövrlərdəki fəaliyyəti barədə müəyyən məlumatlar dəqiqləşdirilib. Hazırda toplanmış materiallar əsasında hüquq-mühafizə orqanları əlavə qiymətləndirmələr aparır.

Xatırladaq ki, oktyabrın 1-də “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov saxlanmışdı.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasına görə, bu təşkilatların ofislərindən dövlət əhəmiyyətli xüsusi gün və əlamətdar hadisələri əks etdirən 1500-dən çox medal və orden, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhür və digər saxta predmet aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Cinayət Məcəlləsinin saxta sənədləri hazırlama, əlavə hazırlama, satma və istifadəsi maddəsi ilə cinayət işi başlanıb və F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov istintaqa cəlb olunublar.

Cinayət işi üzrə istintaq tədbirləri hazırda davam edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.