Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Samir Nuriyev COP32 prezidentilə görüşərək əməkdaşlıq perspektivlərini müzakirə edib

Görüşdə Azərbaycanın COP29 təcrübəsi və 2026-cı ildə WUF13 forumunun təşkili üzrə planlar diqqət mərkəzində olub

75

27 fevral tarixində Azərbaycan Respublikasının Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev COP32 sessiyasının prezidenti təyin edilmiş Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər naziri Gedion Timoteos Hessebon ilə görüşüb.

AZƏRTAC-ın məlumatına görə, görüşdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Baş naziri Abiy Əhməd Əli arasında COP (BMT-nin iqlim konfransları) sahəsində təcrübə mübadiləsinin aparıldığı məsələlərə toxunulub. Samir Nuriyev bildirib ki, Prezidentin tapşırığı əsasında Azərbaycan Efiopiya ilə əməkdaşlığa tam hazırdır.

Samir Nuriyev həmçinin COP29 çərçivəsində Azərbaycanın təşkilati, logistika, məzmun və kommunikasiya sahələrindəki fəaliyyətini xatırladaraq, həmin sessiyada bir sıra tarixi qərarların qəbul olunduğunu vurğulayıb.

Gedion Timoteos Hessebon qeyd edib ki, Azərbaycan COP29-u yüksək səviyyədə uğurla təşkil edib və zəngin təcrübə yaratmışdır. O, Efiopiyanın COP32 çərçivəsində Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduğunu və ölkəmizin təşkilati, logistika və məzmun dəstəyini yüksək qiymətləndirdiyini bildirib.

Görüş zamanı Efiopiya Baş naziri Abiy Əhməd Əlinin Azərbaycana səfəri çərçivəsində imzalanmış “BMT-nin 32-ci İqlim Dəyişiklikləri Konfransının (COP32) təşkilatçılığı sahəsində əməkdaşlıq üzrə Anlayış Memorandumu”nun əhəmiyyəti qeyd olunub.

Bundan əlavə, 2026-cı ildə Azərbaycanda keçiriləcək BMT-nin 13-cü Dünya Şəhərlər Forumunun (WUF13) təşkili ilə bağlı fikir mübadiləsi aparılıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.