Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sağlamlıq üçün təhlükəli materiallar istifadədən çıxarılır

Azərbaycanda asbest və asbest tərkibli məhsullar mülki dövriyyədən qadağan ediləcək, qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib

57

Azərbaycanda mülki dövriyyədə qadağan olunan əşyaların siyahısı genişləndiriləcək. Bu məsələ Milli Məclisin plenar iclasında müzakirə edilən “Mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı”na dəyişiklik layihəsində əksini tapıb.

Layihəyə əsasən, asbest və asbest tərkibli materiallar siyahıya daxil ediləcək. Uzun illər ərzində sənayedə və tikintidə geniş istifadə olunan asbest və şiferlər insan sağlamlığı üçün ciddi təhlükə yaradır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ildə ölkəyə 1 045 ton asbest və 27 634 ton tərkibində asbest olan material idxal edilib. Hazırda asbest tərkibli dam örtükləri ölkədə ümumi dam örtüyünün təxminən 29 faizini təşkil edir, yəni təxminən 190 milyon kvadrat metr sahəyə yayılıb. Şifer istehlakı isə 2,6 milyon kvadrat metrə yaxındır və ölkənin dam örtüyü bazarının 15–20 faizini əhatə edir.

Elmi tədqiqatlar göstərir ki, asbest lifləri havaya qarışaraq nəfəs yollarına daxil olduğunda müxtəlif xəstəliklərin, xüsusilə ağciyər xəstəliklərinin yaranma riskini artırır. Bu səbəbdən bir sıra ölkələrdə asbest və onun tərkibindəki məhsulların istifadəsi qadağan olunub. Ümumdünya Səhiyyə Təşkilatı asbest məhsullarını kanserogen maddələr siyahısına daxil edib və üzv ölkələrdən onların istifadəsini məhdudlaşdırmaq üçün tədbirlər görməyi tələb edir.

Avropa İttifaqında da asbestin istifadəsi qadağan edilib. 1999 və 2009-cu illərdə qəbul edilmiş direktivlər 1 yanvar 2005-ci ildən xrizotil asbestin yeni sahələrdə tətbiqinə icazə vermir. Eyni zamanda, BMT-nin Bazel Konvensiyası asbest məhsullarını təhlükəli tullantılar siyahısına daxil edib, Rotterdam Konvensiyası isə beynəlxalq ticarətdə istifadəsini müəyyən prosedurlarla tənzimləyir.

Beləliklə, qanun layihəsinə əsasən, insan sağlamlığı üçün təhlükəli hesab olunan asbest və asbest tərkibli materiallar mülki dövriyyədə qadağan ediləcək. Qanun layihəsi üçüncü oxunuşda təsdiqlənib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.