Şagirdlər üçün yeni dövr başlayır: Universitet hazırlığı birbaşa məktəblərdə
Dövlət 10–11-ci siniflərdə təmayül hazırlığını öz üzərinə götürür — müəllimlərin əməkhaqqı artırılacaq, repetitorluğa ehtiyac azalacaq
Elm və Təhsil Naziri Emin Əmrullayev bildirib ki, bu ildən tətbiq olunan tam orta məktəb modelinin əhatəsi növbəti ildən daha da genişləndiriləcək. Yeni modelə görə şagirdlər ali məktəblərə hazırlığı artıq məktəbin daxilində, dövlət hesabına keçə biləcəklər.
Nazirin sözlərinə görə, bəzi bölgə və qəsəbələrdə hazırlıqlı müəllimlərdən ibarət xüsusi qruplar yaradılacaq və onların əməkhaqları artırılacaq. Bu müəllimlər 10–11-ci siniflər üçün təmayülə uyğun, universitetə hazırlıq xarakterli dərslər keçəcəklər.
E. Əmrullayev bildirib ki, məqsəd müəllimlərin iş yerindən kənarda repetitorluğa yönəlməsinin qarşısını almaqdır:
“Məktəbin daxilində keyfiyyətli hazırlıq təşkil edilərsə, şagird əlavə repetitor yanına getməyə məcbur qalmayacaq. Valideyn istəsə, yenə də övladını başqa müəllimə yönləndirə bilər — seçim azadlığı qalır”.
Nazir həmçinin vurğulayıb ki, ali təhsil “əlçatmaz” olmamalıdır və 2027–2030-cu illər strategiyasında bu məsələyə xüsusi diqqət yetiriləcək. Qısa müddətdə isə dövlət maliyyələşməsi ilə təmayül sinifləri yaradılaraq ictimaiyyətə təqdim olunacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.