Sadələşdirilmiş vergi sistemi genişlənir – Sahibkarlar üçün böyük imkan
Nağdsız ödəniş edən sahibkarlar üçün daha geniş vergi güzəştləri tətbiq olunacaq
Azərbaycanda sadələşdirilmiş vergi ödəyiciləri üçün dövriyyə limiti artırılır. Mövcud qanunvericiliyə əsasən, ardıcıl 12 aylıq dövrün istənilən ayında vergi tutulan əməliyyatların həcmi 200 min manatı keçən sahibkarlar artıq sadələşdirilmiş vergi ödəyə bilmir və ƏDV ödəyicisinə çevrilirlər. Lakin bu məbləğin artırılması uzun müddətdir gündəmdə idi.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, gələn ildən sadələşdirilmiş vergi limiti 200 min manatdan 400 min manata qaldırılacaq.
Onun sözlərinə görə, burada əsas meyar sahibkarların nağdsız ödənişlərdən istifadə etməsi olacaq:
“Əgər sahibkar bütün hesablaşmaları nağdsız formada həyata keçirirsə, 400 min manatlıq limitdən tam istifadə edə biləcək”.
Digər hallarda isə nağd və nağdsız dövriyyə fərqli əmsallarla hesablanacaq. Bu yanaşma sahibkarların daha böyük dövriyyədən yararlanmasına və nağdsız ödənişlərin stimullaşdırılmasına xidmət edəcək.
O da qeyd olunur ki, gələn ilin büdcə zərfində Vergi Məcəlləsinə dəyişikliklər nəzərdə tutulur. Yeni təklifə əsasən, pərakəndə ticarət və uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə POS-terminal vasitəsilə aparılan nağdsız ödənişlər dövriyyədə 0,5 əmsalla nəzərə alınacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.