Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sabah Od çərşənbəsidir

Od çərşənbəsi qədim inancları, tonqal ənənələrini və birlik rəmzini yaşadır

118

Novruzun dörd çərşənbəsindən biri olan Od çərşənbəsi sabah qeyd olunacaq. Bu günün kökü qədim insanların Günəşə və oda bəslədiyi inamla bağlıdır. Əcdadlarımız odu yalnız istilik və işıq mənbəyi kimi deyil, həm də həyat, dirçəliş və qoruyucu qüvvə kimi qəbul ediblər.

Od çərşənbəsinin fəlsəfəsində atəşin müqəddəsliyi dayanır. Qədim inanclara görə, od insanı şərdən qoruyur, xeyirin qalib gəlməsinə kömək edir, təbiəti oyadır və canlandırır. Elə buna görə də “ocaq” anlayışı Azərbaycan xalqının düşüncəsində sadəcə fiziki məkan deyil, həm də yurd, ailə, birlik və istilik rəmzi kimi formalaşıb.

Tarixi mənbələrdə və mədəni irsimizdə oda sitayiş geniş şəkildə əksini tapıb. Qobustan qayaüstü rəsmlərində ocaq başında toplaşaraq yallı gedən insanların təsvirləri bu ənənənin qədimliyini göstərən ən maraqlı nümunələrdəndir.

Bu gün də odla bağlı bir çox adət-ənənələr yaşamaqdadır. Müqəddəs sayılan ziyarətgahların “ocaq” adlandırılması, gəlin köçən qızın ata evindən çıxarkən yanan çıraq başına dolandırılması və çırağın yeni evə aparılması qədim inancların davamıdır. İnama görə, çırağın sönməməsi ailəyə xoşbəxtlik və uğur gətirir.

Xalq arasında oda hörmətsizlik etmək – atəşə su tökmək, ocağa pis söz demək – uğursuzluq sayılır. İnanca görə, oda ehtiram göstərən insanın çətinlikləri azalır, soyuq çəkilir, buzlar əriyir, həyat yenidən canlanır.

Od çərşənbəsinin ən möhtəşəm mərasimi tonqal qalamaqdır. Ənənəyə görə, tonqal hündür və görünən yerdə yandırılardı ki, alov hər tərəfdən seçilsin. Qədim dövrlərdə dağ və təpə başlarında qalanan tonqalların ətrafına insanlar toplaşar, nəğmələr oxuyar, şənlik edərdilər.

Tonqal üçün əsasən quru odun, kol-kos və çırpıdan istifadə olunardı. Yaş və tüstülü ağacdan istifadə etmək uğursuzluq əlaməti sayılırdı. Bəzi bölgələrdə tonqala üzərlik atılar, bununla bədnəzərdən qorunacaqlarına inanardılar.

Qədim adətlərə görə, Od çərşənbəsində yasda olan ailənin həyətində tonqal qalamaqla onları matəmdən çıxarmaq rəmzi məna daşıyıb. Həmçinin keçmişdə ev ocağının sönməsinə yol verilməz, yalnız ölüm halında od müvəqqəti olaraq evdən çıxarılardı.

Bu gün də ən çox yaşadılan adətlərdən biri tonqal üzərindən üç dəfə tullanaraq “Ağırlığım-uğurluğum odda yansın” deməkdir. İnsanlar bununla xəstəlikdən, mənfi enerjidən və uğursuzluqdan qurtulduqlarına inanırlar.

Od çərşənbəsində ailə üzvlərinin adına şamlar yandırılır, bəzi yerlərdə dünyasını dəyişənlərin ruhu üçün ayrıca şam qoyulur. Süfrələr şirniyyatla bəzədilir, plov və müxtəlif yeməklər hazırlanır. Ocağın boş qalmamasına xüsusi diqqət yetirilir, çünki bolluq və bərəkətin evdən əskik olmaması bununla əlaqələndirilir.

Beləliklə, Od çərşənbəsi təkcə bir mərasim günü deyil, xalqın minillik yaddaşını, inancını və birlik duyğusunu yaşadan mənəvi irsdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.