Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Sabah 11 illik təhsil üzrə buraxılış imtahanı keçiriləcək

58 mindən çox şagird imtahana qatılacaq

282

Martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə 2026-cı ilin ilk buraxılış imtahanı təşkil olunacaq.

Dövlət İmtahan Mərkəzinin məlumatına əsasən, imtahan saat 11:00-da başlayır. İmtahana giriş saat 10:45-də başa çatır və bu vaxtdan sonra gələn iştirakçılar binaya buraxılmır. Şagirdlərin rahat daxil olması üçün hər iştirakçıya fərqli giriş vaxtı təyin edilib və bu məlumat buraxılış vərəqəsində göstərilib.

İmtahan Bakı şəhərinin bir sıra rayonları ilə yanaşı, Abşeron, Sumqayıt, Gəncə və ölkənin digər şəhər və rayonlarında keçiriləcək. Tədrisi ingilis dilində olan məktəblərin şagirdləri də eyni gündə imtahan verəcəklər.

Şagirdlər imtahana buraxılış vərəqəsini və şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidirlər. Şəxsiyyət vəsiqəsində foto olmayan iştirakçılar əlavə olaraq təhsil müəssisəsi tərəfindən verilmiş fotoşəkilli arayış gətirməlidirlər. Buraxılış vərəqəsini iştirakçılar fevralın 24-dən etibarən internet vasitəsilə DİM-in rəsmi saytından çap edə bilirlər.

İmtahanların təşkili üçün ümumilikdə 236 bina və 4311 zal ayrılıb. Prosesə minlərlə nəzarətçi, imtahan rəhbəri və mühafizə əməkdaşı cəlb olunub.

Martın 9-da keçiriləcək imtahanda 58 138 şagirdin iştirakı gözlənilir. Onların arasında sağlamlıq imkanları məhdud olan 52 nəfər də var. Bu iştirakçıların rahatlığı üçün xüsusi zallar ayrılıb, görmə məhdudiyyətli şəxslərə fərdi nəzarətçilər təyin edilib, hərəkət çətinliyi olan şagirdlər üçün zəruri şərait yaradılıb.

Hazırda imtahan prosesinə cəlb edilən heyət üçün təlimlər davam edir, imtahan binalarında zəruri şərait təmin olunub. Təhlükəsizlik məqsədilə binalar möhürlənərək mühafizəyə verilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.