Şərqi Aralıq dənizində təhlükəsizlik və hərbi əməkdaşlıq
Sürətli reaksiya briqadası yaradılması müzakirə olunur, üç ölkə potensial böhranlara çevik cavab vermək niyyətindədir
Yunanıstan, İsrail və Kipr Şərqi Aralıq dənizində çevik reaksiya göstərə biləcək birgə hərbi briqada yaradılması imkanını araşdırır. Bu təşəbbüs üçtərəfli hərbi və siyasi dialoqların intensivləşdiyi bir dövrdə gündəmə gəlib.
Planlaşdırılan briqadanın şəxsi heyəti təxminən 2,5 min nəfərdən ibarət olacaq. Onlardan 1 mini Yunanıstan və İsrail, 500 nəfərə yaxını isə Kipr tərəfindən təmin olunacaq. Briqada əsasən çevik yerləşdirmə prinsipi ilə fəaliyyət göstərəcək və daimi baza kimi yox, operativ hərəkət mexanizmi ilə işləyəcək.
Yunanıstan mediası bildirir ki, birgə briqadanın məqsədi regionda böhran hallarında quru, dəniz və hava əməliyyatlarını sürətli şəkildə həyata keçirməkdir. Plan çərçivəsində döyüş aviasiyası, freqatlar və sualtı qayıqların iştirakı nəzərdən keçirilir. Potensial yerləşmə yerləri arasında Rodos və Karpatos adaları, Kipr ərazisi, eləcə də İsraildəki hərbi bazalar göstərilir.
Briqadanın əsas vəzifələrindən biri enerji xətləri və sualtı kabellər də daxil olmaqla kritik infrastrukturun qorunması, həmçinin regionda gərginlik artarsa, operativ reaksiya verməkdir.
Hazırda yaradılacaq briqada ilə bağlı yekun qərar qəbul edilməyib, müzakirələr ilkin mərhələdədir. Ekspertlər bildirirlər ki, bu əməkdaşlıq üç ölkənin Türkiyəyə qarşı strateji koordinasiyasının göstəricisi ola bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.