Rusiya Zəngəzur dəhlizi planlarına qarşı çıxdı
Moskva Qərbin dəstəklədiyi marşrutların iqtisadi deyil, geosiyasi məqsədlər güddüyünü bildirir
Rusiya rəsmiləri Cənubi Qafqazda Moskva və Tehrandan yan keçən nəqliyyat marşrutlarının iqtisadi baxımdan səmərəli olmadığını və regional əməkdaşlığa zidd məqsədlər daşıya biləcəyini bildiriblər.
Bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin müşaviri Dmitri Litskay açıqlama verib. O, son vaxtlar “Zəngəzur dəhlizi” və yaxud Qərbin təşviq etdiyi alternativ nəqliyyat yollarının fəal şəkildə gündəmə gətirildiyini xatırladıb.
Diplomatın sözlərinə görə, bu layihələrdə əsas amil logistika xərcləri və marşrutların real rentabelliyidir:
“Qərbin dəstəklədiyi nəqliyyat xətləri Rusiya və İrandan kənar keçir. Bu isə daha çox iqtisadi zərurətdən deyil, geosiyasi məqsədlərdən qaynaqlanır”, – Litskay deyib.
O, Qazaxıstandan Ermənistana (Azərbaycan üzərindən) həyata keçirilmiş son yükdaşımaların isə region ölkələrinin qarşılıqlı siyasi iradə nümayiş etdirdiyi halda öz nəqliyyat şəbəkələrini formalaşdıra biləcəyini göstərdiyini vurğulayıb.
Litskay həmçinin 3+3 regional platformasına toxunaraq qeyd edib ki, bu format xarici tərəfdaşlarla əməkdaşlığı istisna etmir və konstruktiv təkliflər olduğu təqdirdə əməkdaşlıq mümkündür:
“Moskvadakı ilk görüş formatın hələ də aktuallığını sübut etdi”.
Rusiyalı rəsminin sözlərinə görə, Moskva regiondakı proseslərin müzakirəsi üçün növbəti görüşlərin keçirilməsini gözləyir. Onun həm Azərbaycanda, həm də Ermənistanda təşkil edilə biləcəyi, məkanla bağlı qərarın tərəflərə məxsus olduğu bildirilib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.