Rus komediyaçı zarafatlarına görə həbs edildi
Artemi Ostanin nifrət qızışdırmaq və dini hissləri təhqir etmək ittihamları ilə azadlıqdan məhrum olunub
Rus stand-up komediyaçısı Artemi Ostanin zarafatlarına görə 5 il 9 ay müddətinə həbs cəzasına məhkum edilib. Bu barədə Mediazona məlumat yayıb.
Moskvanın Meşçanski Rayon Məhkəməsi Ostanini Cinayət Məcəlləsinin 282-ci maddəsinin 2-ci hissəsi (“nifrət qızışdırmaq”) və 148-ci maddəsinin 1-ci hissəsi (“dindarların hisslərini təhqir etmək”) üzrə günahkar bilib. Komediyaçıya həmçinin 300 min rubl cərimə tətbiq edilib.
İttihama görə, nifrətə təhrik Ostaninin YouTube-da yayımlanan “60 saniyədə dur” şousunda metroda ayaqsız bir kişi haqqında etdiyi monoloqdan qaynaqlanıb. Hökumətyönlü fəallar zarafatı “faciəyə qarşı küfr” və “ayağını itirmiş əsgəri lağa qoymaq” kimi qiymətləndiriblər. Ostanin isə bildirib ki, zarafatda müharibəyə dair heç bir məqam yoxdur və söhbət uzun illər metroda skeytbord sürən əlilliyi olan bir şəxsdən gedib.
Komediyaçı Belarusda saxlanılıb və 18 mart 2025-ci ildə Moskva məhkəməsinə təqdim edilib. Vəkilləri bildirib ki, saxlanma zamanı Ostanin döyülüb və elektroşok tətbiq olunub. Məhkəmə-tibbi ekspertizası onun onurğa sütununun sınığı olduğunu təsdiqləyib.
İstintaq zamanı məlum olub ki, Ostanin həmçinin konsertlər təşkil edən və zarafatlar hazırlayan mütəşəkkil bir qrupun rəhbəri hesab olunub. Komediyaçı günahını qəbul etməyib. Son ifadəsində isə Ostanin məhkəməyə ümidlə baxdığını, amma qərara hörmət edəcəyini bildirib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.