Mingəçevir Dövlət Universitetinin hörmətli professor-müəllim və inzibati-texniki heyət üzvləri!
Əziz tələbələrimiz və magistrantlarımız!
2020/2021-ci tədris ilinin başlanması münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, növbəti tədris ili Mingəçevir Dövlət Universiteti ailəsinin hər bir üzvü üçün akademik və şəxsi həyatda bol uğurlar, yeni başlanğıclar və əhəmiyyətli nailiyyətlər ilə yadda qalacaqdır.
Yeni akademik il ərzində tədrisin məzmununun təkmilləşdirilməsi, elmi fəaliyyətin müasir yanaşmalar əsasında inkişaf etdirilməsi, tələbələrin universitet idarəçiliyində iştirak səviyyəsinin artırılması, əməkdaşların bilik və bacarıqlarının gücləndirilməsi, differensial əmək haqqı sisteminin tətbiqi, tələbələrin mübadilə proqramlarında daha aktiv iştirakı, yeni əməkdaşlıqların yaradılması, startap və könüllülük fəaliyyətinin genişləndirilməsi diqqət mərkəzində olacaqdır.
COVID-19 infeksiyası ilə mübarizənin davam etməsi səbəbindən tədris prosesi əsasən məsafədən həyata keçiriləcəkdir. Ötən tədris ilində topladığımız təcrübə, akademik heyətimizin və tələbələrimizin məsuliyyətli yanaşması və Təhsil Nazirliyinin davamlı dəstəyi online dərslərin daha keyfiyyətli təşkilinə ciddi zəmin yaradır.
İnanıram ki, birgə səylərimiz yeni tədris ilində Mingəçevir Dövlət Universitetinin müasirləşdirilməsi və yeni dövrün tələblərinə uyğun modernləşdirilməsi istiqamətində daha ciddi nəticələrin əldə olunmasına imkan verəcəkdir.
Müasir təhsil, doğru seçim və uğurlu karyera prinsiplərinə əsaslanan və hər birimiz üçün ortaq dəyər olan Mingəçevir Dövlət Universiteti yeni tədris ilinə tam hazırdır.
Doğma akademik heyətimizi və sevimli tələbələrimizi tezliklə universitetimizin auditoriyalarında görmək ümidilə, bir daha hər birinizi təbrik edirəm.
Şərhlər bağlıdır.