Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Ramazanda düzgün qidalanmanın qaydaları

Mütəxəssislər imsakın vacibliyini vurğulayır, su balansının qorunmasını və yağlı, qızardılmış yeməklərdən uzaq durmağı tövsiyə edirlər.

46

Ramazan ayı həm mənəvi saflaşma, həm də orqanizmin yenilənməsi dövrü hesab olunur. Oruc zamanı düzgün qidalanma gün ərzində enerjinin qorunmasına və sağlamlığın saxlanmasına mühüm təsir göstərir.

Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, bu dövrdə əsas diqqət yetirilməli məqamlardan biri su balansıdır. İftarla imsak arasında kifayət qədər su qəbul etmək, maye ilə zəngin qidalara üstünlük vermək susuzlaşmanın qarşısını alır. Orucu ilıq su ilə açmaq tövsiyə olunur.

Mütəxəssislər imsakın buraxılmamasını vacib sayırlar. Səhər saatlarında qəbul edilən düzgün qidalar gün ərzində həm enerji verir, həm də toxluq hissini uzun müddət saxlayır. Yulaf, düyü, bulqur kimi kompleks karbohidratlar, eləcə də yumurta və pendir kimi protein mənbələri uyğun seçimdir. Tərəvəz və meyvələr lifli olduqları üçün həm həzmi yaxşılaşdırır, həm də susuzluq hissini azaldır.

İftar zamanı tələsmədən qidalanmaq tövsiyə edilir. Əvvəlcə su, xurma, zeytun və ya yüngül salat qəbul etmək, qısa fasilədən sonra əsas yeməyə keçmək həzm sisteminə düşən yükü azaldır. Yeməyə şorba kimi sulu qidalarla başlamaq daha faydalıdır.

Ramazan süfrəsində çox yağlı, qızardılmış, xəmirli və ağır souslu yeməklərdən uzaq durmaq məsləhətdir. Qatıq, kefir və ayran kimi fermentləşdirilmiş süd məhsulları isə həzmi dəstəkləyir.

Bundan əlavə, iftardan sonra qidalanmanı mərhələli şəkildə və kiçik porsiyalarla davam etdirmək, yeməyi yaxşı çeynəmək həzm problemlərinin qarşısını alır. Axşam saatlarında yüngül gəzinti və düzgün yuxu rejimi də oruc müddətinin daha rahat keçməsinə kömək edir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.