Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qum-çınqıl dövriyyəsi qanunla tənzimlənəcək

Su anbarları və tunellərdən çıxarılan süxurların istifadəsi “Yerin təki haqqında” qanuna daxil edilir, rekultivasiya və birbaşa danışıqlar mexanizmi ilə bağlı yeni qaydalar müəyyənləşir.

24

Su anbarlarında və tunellərin tikintisi zamanı çıxarılan qum-çınqıl və digər süxurların istifadəsi qanunvericiliklə tənzimlənəcək.

Məsələ Milli Məclisin plenar iclasında müzakirəyə çıxarılan “Yerin təki haqqında” Qanuna dəyişiklik layihəsində əksini tapıb və birinci oxunuşda qəbul edilib.

Layihəyə əsasən, su anbarları və sututarlarda toplanan çöküntülər (qum, qum-çınqıl, gil), eləcə də tunel və digər yeraltı keçidlərin tikintisi zamanı yerin təkindən çıxarılan süxurlar yerin təkindən istifadənin növləri siyahısına daxil ediləcək. Bu isə həmin materialların iqtisadi dövriyyəyə cəlb olunmasına hüquqi əsas yaradacaq.

Qeyd olunur ki, ölkədə su ehtiyatlarının artırılması və mövcud su anbarlarının təmizlənməsi çərçivəsində milyonlarla kubmetr çöküntünün çıxarılması planlaşdırılır. Eyni zamanda yol və nəqliyyat infrastrukturunun inkişafı yeraltı tikinti işləri zamanı böyük həcmdə süxurların çıxarılması ilə müşayiət olunur. Dəyişikliklər bu materialların istifadəsinin qanuniləşdirilməsi, şəffaflığın və rəqabət mühitinin təmin olunmasına xidmət edir.

Sənədə əsasən, yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası müəyyən ediləcək, qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə bağlı fəaliyyətin sağlamlaşdırılması mexanizmləri tətbiq olunacaq.

Bundan əlavə, torpaqların münbitliyinin qorunması və bərpası məqsədilə rekultivasiya planlarının hazırlanması və icrası məcburi olacaq. Yer təki istifadəçiləri torpaqların əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılmasını təmin etməlidirlər.

Dəyişikliklər təbii ehtiyatlardan səmərəli istifadə, ekoloji təhlükəsizliyin gücləndirilməsi və dağ-mədən fəaliyyəti nəticəsində yaranan tullantıların dövriyyəyə cəlb olunması istiqamətində hüquqi bazanı təkmilləşdirməyi nəzərdə tutur.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.