Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qrip mövsümü başladı — peyvəndlənmə kampaniyasına start verildi

Kimlər qrip əleyhinə vaksin vurdurmalıdır? – Mütəxəssisdən vacib tövsiyələr

11

Payız-qışda artan respirator viruslara qarşı ən effektiv qorunma yolu vaksinasiya hesab olunur

Azərbaycanda mövsümi xəstəliklərin artdığı bir vaxtda qrip əleyhinə peyvəndlənmə kampaniyasına start verilib. Səhiyyə naziri Teymur Musayevin müvafiq əmrinə əsasən, vaksinasiya prosesi 2025-ci il oktyabrın 8-dən etibarən başlayıb. Kampaniyanın məqsədi əhalinin sağlamlığını qorumaq və mövsümi infeksiyaların qarşısını almaqdır.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov bildirib ki, payız-qış aylarında kəskin respirator virus infeksiyalarına yoluxma halları ən yüksək həddə çatır:

“Qrip bu infeksiyalar arasında ən ağır gedişə malik və fəsadlaşma ehtimalı yüksək olan xəstəlikdir. Məhz buna görə vaksinasiya ən effektiv qorunma üsuludur. Peyvənd olunan şəxslərdə xəstəliyin gedişi çox yüngül olur və fəsadlar nadir hallarda müşahidə edilir.”

T.Eyvazovun sözlərinə görə, qripə qarşı vaksinasiya yalnız sağlamlıq üçün deyil, həm də iqtisadi baxımdan faydalıdır:
“Vaksinasiya nəticəsində insanların xəstəliyə görə işdən qalma günləri və hospitalizasiya halları azalır. Bu da səhiyyə sisteminin yükünü azaldır və sərf olunan maliyyə vəsaitinin tamamilə özünü doğrultmasına səbəb olur.”

Mütəxəssis qeyd edib ki, ölkədə artıq bir neçə ildir Səhiyyə Nazirliyinin təşəbbüsü ilə qripə qarşı vaksinasiya həyata keçirilir və bu proses artıq ənənəvi hal alıb:
“Bu, dövlətin əhalinin sağlamlığına verdiyi önəmin göstəricisidir. İstifadə olunan peyvəndlər beynəlxalq səviyyədə sınaqdan keçmiş və təhlükəsizliyi təsdiqlənmiş preparatlardır.”

T.Eyvazov əlavə edib ki, vaksinasiyanın vaxtında aparılması çox vacibdir, yəni qrip hallarının artmasından əvvəl baş tutmalıdır:
“Qripə qarşı peyvənd könüllü şəkildə və ödənişsiz aparılır. Lakin ilk növbədə risk qruplarına – 5 yaşadək uşaqlara, hamilələrə, ahıl şəxslərə, xroniki tənəffüs və ürək xəstəliyi olanlara, immun sistemi zəif olanlara peyvənd olunmaq tövsiyə edilir.
Bundan başqa, tibb işçiləri, müəllimlər, sosial sahə əməkdaşları və ictimai nəqliyyat işçiləri də vaksinasiya prosesinə aktiv qoşulmalıdırlar.”

Mütəxəssis vurğulayıb ki, bu qrupların peyvəndlə əhatə olunması ölkədə qripin yayılmasının qarşısını xeyli dərəcədə alacaqiqtisadi itkiləri azaldacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.