Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qrenlandiya ətrafında gərginlik artır

Ağ Ev Qrenlandiyanın əldə olunması üçün hərbi variantın da masada olduğunu açıq şəkildə etiraf edib

96

ABŞ administrasiyası Qrenlandiyanın əldə olunması məsələsində ritorikanı daha da sərtləşdirib və bu məqsədlə hərbi variantın da nəzərdən keçirildiyini açıq şəkildə etiraf edib.

Ağ Evin mətbuat katibi Kerolayn Levitt CNN-ə açıqlamasında bildirib ki, Prezident Donald Tramp Qrenlandiyanı ABŞ-nin milli təhlükəsizliyi üçün strateji prioritet hesab edir. Onun sözlərinə görə, ada Arktika bölgəsində rəqib güclərin qarşısının alınmasında mühüm rol oynayır.

“Prezident və administrasiya bu hədəfə çatmaq üçün bütün mümkün variantları müzakirə edir. ABŞ Silahlı Qüvvələrindən istifadə ehtimalı da Ali Baş Komandanın səlahiyyətləri çərçivəsində olan seçimlərdən biridir”, – Levitt qeyd edib.

Bu açıqlama dövlət katibi Marko Rubionun Konqresdə Qrenlandiyanın ABŞ tərəfindən alınmasının real imkan kimi nəzərdən keçirildiyini bildirməsindən sonra səsləndirilib. Məlumata görə, Dövlət Departamenti Rubionun göstərişi ilə Qrenlandiyanın təbii ehtiyatları, xüsusilə strateji əhəmiyyət daşıyan nadir torpaq elementləri ilə bağlı geniş təhlil hazırlayıb.

Donald Tramp da daha əvvəl Qrenlandiyanın əhəmiyyətini gizlətməyib:
“Qrenlandiya milli təhlükəsizliyimiz üçün vacibdir. Danimarka bu təhlükəsizliyi təmin edə bilməz. Biz bu məqsədə bu və ya digər yolla nail olacağıq”, – ABŞ Prezidenti vurğulayıb.

Vaşinqtonun bu mövqeyi Avropada kəskin narahatlıq yaradıb. Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, İspaniya, Polşa və Danimarka liderləri Kopenhagenə dəstək nümayiş etdirərək Arktikada təhlükəsizliyin NATO çərçivəsində birgə təmin edilməli olduğunu bəyan ediblər. Danimarkanın Baş naziri Mette Frederiksen isə xəbərdarlıq edib ki, ABŞ-nin Qrenlandiyaya mümkün hərbi təzyiqi Alyansın bütövlüyünü risk altına ata bilər.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.