Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT-lərin beynəlxalq çağırışı

Vətəndaş cəmiyyəti Lemkin İnstitutunun çağırışlarını sülh prosesinə təhdid kimi qiymətləndirir və müharibə cinayətlərinə hüquqi yanaşmanın vacibliyini vurğulayır

1. 389

Azərbaycanın qeyri-hökumət təşkilatlarının nümayəndələri ABŞ Prezidenti Donald Trampa açıq məktub ünvanlayıblar. Müraciət ABŞ-ın Lemkin İnstitutunun Ruben Vardanyan da daxil olmaqla, müharibə cinayətlərində ittiham olunan erməniəsilli şəxslərin Milad bayramı münasibətilə azadlığa buraxılması üçün Azərbaycana təzyiq göstərilməsi çağırışına cavab olaraq dekabrın 25-də göndərilib.

Qeyd edək ki, bundan əvvəl – 2025-ci il dekabrın 23-də Azərbaycan Milli QHT Forumu Lemkin İnstitutuna da açıq məktubla müraciət edərək, bu qurumu Ermənistandakı revanşist dairələrin maraqlarını müdafiə etməkdə və Azərbaycan–Ermənistan arasında formalaşan sülh gündəliyini pozmağa cəhd göstərməkdə ittiham edib. Məktubda Xocalı soyqırımı kimi kütləvi qırğınlara münasibətdə institutun susqun mövqeyi missiyasına zidd addım kimi qiymətləndirilib və Lemkin İnstitutu təxribatçı çağırışlarına görə üzr istəməyə çağırılıb.

ABŞ Prezidentinə ünvanlanan və “Hüquq, sabitlik və Tramp dəhlizi baxışının beynəlxalq sülh və rifah naminə müdafiəsi” adlanan müraciətdə Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri Donald Trampın liderliyi ilə Cənubi Qafqazda sülhə töhfə verildiyini vurğulayıblar. Bildirilib ki, bəzi dairələr dini və humanitar arqumentlərdən sui-istifadə edərək, ağır cinayətlərdə ittiham olunan şəxsləri “girov” kimi təqdim etməyə çalışır.

Məktubda qeyd olunur ki, məhz bu şəxslərin fəaliyyəti nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 20 faizi uzun illər işğal altında qalıb, bir milyona yaxın azərbaycanlı etnik təmizləməyə məruz qalıb, yüzlərlə yaşayış məntəqəsi dağıdılıb.

Xüsusilə vurğulanır ki, saxlanılan şəxslərdən biri olan Rusiya–Ermənistan əsilli oliqarx Ruben Vardanyan Azərbaycanın əvvəllər işğal altında olmuş ərazilərində yaradılmış qanunsuz rejimdə yüksək vəzifə tutaraq regionda sülh prosesinə mane olmağa çalışıb.

QHT nümayəndələri bildiriblər ki, Azərbaycan məhkəmə proseslərini şəffaf şəkildə və beynəlxalq hüquqa uyğun aparır, bu məsələlərin dini təqib kimi təqdim olunması isə əsassızdır. Məktubda Azərbaycanın multikultural və dünyəvi dövlət olduğu, ölkədə müxtəlif dini icmaların azad fəaliyyət göstərdiyi faktlarla diqqətə çatdırılıb.

Sonda müraciət müəllifləri Donald Trampın vasitəçiliyi ilə əldə olunan Vaşinqton razılaşmalarının regionda etimadın möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb, dezinformasiya kampaniyalarının sülhə zərbə vurmaq cəhdlərinin uğursuz olacağına əminlik ifadə ediblər.

Məktub Azərbaycan vətəndaş cəmiyyətini təmsil edən 30-a yaxın QHT rəhbəri və ictimai xadim tərəfindən imzalanıb.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.