Bizimlə həyatınız həmişə işıqlı olacaq!

QHT-lər üçün 2026-cı ilin qrant müsabiqələri açıqlanacaq

Layihə təkliflərinin hazırlanması üçün 2 ay vaxt veriləcək

9

Yaxın günlərdə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı ilə aid qrant müsabiqələrinin başlanacağını elan edəcək.

Agentliyin ictimaiyyətlə əlaqələr üzrə meneceri Ülviyyə Qarayevanın sözlərinə görə, QHT-lərin layihə təkliflərini hazırlamaları üçün iki ay müddət ayrılacaq. Qrantların maksimal məbləği kiçik layihələr üzrə 15 min, orta layihələr üzrə 30 min, böyük layihələr üzrə isə 50 min manat olacaq.

Qarayeva bildirib ki, müsabiqə 7 əsas istiqamət üzrə təşkil ediləcək. Onlardan 3 mövzuda yalnız QHT koalisiyalarının layihələri qəbul ediləcək. Bu koalisiyalar minimum “1 yerli QHT + 1 xarici QHT” formatında qurulmalı, əsas icraçı isə mütləq yerli təşkilat olmalıdır.

Xatırladaq ki, 2025-ci ilin aprelində Bakıda Qlobal Cənub QHT Platforması təsis olunub. Azərbaycan vətəndaş cəmiyyətinin təşəbbüsü ilə yaradılan bu platforma artıq 116 ölkədən QHT-ləri bir araya gətirib. Sözügedən təşəbbüs Bakını beynəlxalq QHT əməkdaşlığının əsas mərkəzlərindən birinə çevirir.

Ülviyyə Qarayeva əlavə edib ki, 2026-cı il üzrə elan olunacaq qrant müsabiqəsində QHT-lər yalnız müəyyən edilmiş mövzular çərçivəsində deyil, həm də milli, ictimai və beynəlxalq əhəmiyyətli digər aktual istiqamətlərdə layihə təklifi təqdim etməkdə sərbəst olacaqlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.