QHT-hökumət münasibətləri Mingəçevirdə müzakirə olundu
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 22 sentyabr 2017-ci ildə Mingəçevir şəhərində Ağcabədi, Yevlax, Qəbələ, Beyləqan, Bərdə, Oğuz, Kürdəmir, Goyçay, Zaqatala, Goranboy, Zərdab, İsmayıllı QHT-ləri və yerli icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə “QHT-Hökumət münasibətləri: qazanılmış təcrübə və yeni əməkdaşlıq imkanları” mövzusunda regional konfrans keçirib.
Toplantıda çıxış edənMingəçevir Şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Sahib Əliyev dövlətin davamlı dəstəyi nəticəsində QHT-lərin regionlarda da aparıcı ictimai təsisatlara çevrildiyini bildirib. O, QHT-lərin inkişafı üçün zəruri imkanlar yaradıldığından, icra hakimiyyətlərinin yerli QHT-lərlə səmərli əməkdaşlıq etdiklərindən danışıb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı, QHT Şurası sədrinin müavini Vüsal Quliyev deyib ki, Azərbaycan cəmiyyətini QHT-lərsiz təsəvvür etmək mümkün deyil: “QHT-lərin ictimai problemlərin həllində iştirakı, təşəbbüskarlığı ildən ilə artmaqdadır. Regionlarda QHT-lərin yerli icra qurumları ilə səmərəli əməkdaşlıq münasibətləri qurması diqqətə layiq haldır”.
V.Quliyev Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası”nın təsdiq olunması və Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yaradılması ilə ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafında mühüm mərhələnin əsasının qoyulduğunu diqqətə çatdırıb, Azərbaycanın QHT-hökumət münasibətlərinin dünyada uğurlu nümunə kimi öyrənildiyini deyib. Onun fikrincə, dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır: “Bu da öz növbəsində imkan verir ki, hər bir ölkə vətəndaşı cəmiyyət həyatında fəal iştirak etsin. Milli maraqların qorunması sahəsində QHT-lərin fəaliyyəti təşviq edilsin. QHT-lər sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunsun, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən tədbirlər həyata keçirsinlər”.
Konfransda “QHT-lərə dövlət dəstəyinin əsas istiqamətləri” mövzusunda geniş məruzə ilə çıxış edən Şura Katibliyini icraçı direktoru Fərasət Qurbanov Azərbaycanın müstəqilliyinin bərpa edilməsindən sonra dövlətin QHT sektorunun formalaşması istiqamətində atdığı ardıcıl addımların əhəmiyyətindən danışıb. İcraçı direktor prezident İlham Əliyevin siyasi iradəsinin nəticəsi olaraq, hazırda ölkəmizin bütün regionlarında QHT-lərin dövlət qurumlarının başlıca partnyoruna çevrildiyini və fəaliyyət imkanlarının artdığını vurğulayıb: “Artıq QHT-hökumət münasibətləri əməkdaşlıqdan tərəfdaşlıq səviyyəsinə yüksəlib. QHT-lər cəmiyyətin ən fəal təbəqəsi olaraq ictimai problemlərin həllində, vətəndaş təşəbbüskarlığının təşviqində önəmli rol oynayırlar. Dövlət QHT-lərin inkişafı üçün zəruri olan bütün addımları atır. QHT-lər hər il sosial, humanitar, ekoloji, iqtisadi və digər sahələr üzrə yüzlərə layihə həyata keçirərir, cəmiyyətin maariflənməsinə, ictimai problemlərin həllinə töhfələrini verirlər”.
Şuranın QHT-lərə göstərdiyi xidmətlərlə bağlı təqdimatla çıxış edən F. Qurbanov təmsil etdiyi qurumun formalaşma prinsipləri, qrant müsabiqəsi mövzuları haqqında da söhbət açıb. O, qeyd edib ki, Şuranın konfrans, təlim və seminarları keçirməkdə əsas məqsədi QHT-lərin bilik və bacarıqlarının, icra etdikləri layihələrin səmərəliliyinin artırılmasına yardım etməkdir: “Şura yalnız 2016-cı ildə 32 istiqaməti üzrə 556 layihəyə 5,3 milyon manatdan çox vəsait ayırıb. Bu layihələrdən faydalananların sayı 100 mindən artıq olub. Həyata keçirilən layihələr çərçivəsində 32 kitab nəşr olunub, 23 sayt, 26 film, 29 sosial çarx hazırlanıb”.
F. Qurbanov çıxışında 2016-cı ilin sentyabrın 9-da təsis edilən Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platformasının fəaliyyəti və ötən bir il ərzində əldə olunan nəticələr haqqında da məlumat verib.
Mingəçevir Valideynlər Assosiyasiyasından Fərman Nəbiyev, Qarabağ Əlilləri və Şəhid Ailələri İctimai Birliyi Mingəçevir şöbəsindən Əliağa Bəndəliyev, Şəki ETMG İB-dən Əlirza Məhərrəmov, Beyləqan Gəncləri Maarifləndirmə və Sosial İnkişaf İctimai Birliyindən Zaur Quliyev, Regional QHT-lərin Resurs və Təlim Mərkəzindən Füzuli Əsədov, həmçinin regionun icra hakimiyyəti nümayəndələri QHT-hökumət münasibətlərinin inkişaf etdirilməsi və layihələrin icra prosesində qarşılaşdıqları problemlər haqqında fikirlrini bölüşüb, təkliflər irəli sürüblər.
Şərhlər bağlıdır.