Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qazi Universitetinin daha bir alimi MDU-da fəaliyyətə başlayıb

143

Türkiyənin qabaqcıl ali təhsil müəssisələrindən biri olan Qazi Universitetinin Texnoloji fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə dosenti Sinan Toklu cari tədris ilində Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində fəaliyyətə başlayıb. Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov qonaq alimlə görüşüb.

Qardaş ölkənin akademik heyət üzvünü salamlayan Ş.Bayramov son dövrdə Qazi Universiteti ilə yaradılan əməkdaşlığın MDU-nun modernləşməsi istiqamətində həyata keçirilən tədbirlərə əhəmiyyətli töhfə verməsi ilə seçildiyini vurğulayıb. Universitetlər arasında işbirliyi çərçivəsində atılan konkret addımlardan bəhs edən rektor ötən tədris ilində Qazi Universitetindən iki qonaq professorun MDU-da fəaliyyətini müsbət dəyərləndirib. Tərəfdaş universitetdən alimlərin MDU-da elmi-pedaqoji fəaliyyətə cəlb edilməsinin ənənəvi hal almasından məmnunluğunu ifadə edən Ş.Bayramov Kompüter mühəndisliyi sahəsində gənc alim S.Toklunun cari tədris ilində universitetdə müvafiq ixtisaslar üzrə kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi işinə fəal dəstək göstərəcəyinə əminliyini bildirib.

Ş.Bayramov konkret ehtiyaclara və strateji prioritetlərə uyğun alimlərin uzunmüddətli dövr üçün MDU-ya göndərilməsinə və bununla da, universitetin müasirləşməsinə göstərdiyi davamlı dəstəyə görə Qazi Universitetinin rəhbərliyinə təşəkkür edib. Eləcə də, qardaş ölkənin təcrübəli mütəxəssislərinin MDU-da fəaliyyəti üçün yaradılan şəraitə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinə və Azərbaycan Respublikasının Ankaradakı Səfirliyinə minnətdarlıq ifadə edilib.

Dəvətə və səmimi görüşə görə təşəkkürünü bildirən S.Toklu son dövrdə yeni dövrün universitetinə çevrilmək yolunda uğurlu nəticələr əldə edən MDU-da fəaliyyət göstərməkdən məmnun olduğunu bildirib. Universitetin inkişafı üçün bilik və təcrübəsini əsirgəməyəcəyini qeyd edən qonaq alim əməkdaşlığın qarşılıqlı faydalı olacağına inandığını söyləyib.

Məlumat üçün bildirək ki, S.Toklu “Kompüter mühəndisliyi” ixtisası üzrə Doğu Akdeniz Universitetində bakalavr, Qazi Universitetində magistratura və doktorantura təhsili alıb. Kompüter elmləri və mühəndisliyi üzrə fəlsəfə doktoru və dosentdir. S.Toklu 2006-cı ildən Qazi Universitetində Kompüter mühəndisliyi bölümündə elmi işçi, 2014-cü ildən müəllim, 2022-ci ildən dosent vəzifəsində çalışıb. Bununla yanaşı, o, 2016-2018-ci illərdə Düzce Universitetində Kompüter mühəndisliyi bölümünün rəhbəri, 2021-ci ildə Qazi Universitetində Kompüter mühəndisliyi bölümünün rəhbər müavini, 2021-2022-ci illərdə Qazi Universitetində İnformatika İnstitutunun direktor müavini işləyib. Kompüter şəbəkələri, süni intellekt, dərin öyrənmə və nümunənin tanınması, proqram təminatı sahəsində tədqiqatlar aparıb, beynəlxalq indeksli elmi jurnallarda və digər nəşrlərdə çoxsaylı məqalələri dərc olunub.

Qeyd edək ki, MDU ilə Türkiyənin Qazi Universiteti arasında əməkdaşlığın əsası 2021-ci ilin 15 mart tarixində hər iki universitetin rektorlarının Ankarada görüşü zamanı qoyulub. 2021-ci ilin 22-23 may tarixlərində Qazi Universiteti rektorunun geniş tərkibdə nümayəndə heyəti ilə Mingəçevir şəhərinə səfəri zamanı universitetlər arasında qarşılıqlı maraq kəsb edən sahələrdə işbirliyinə dair əməkdaşlıq protokolu imzalanıb. Əməkdaşlıq çərçivəsində ortaq elmi konfranslar, seminarlar və digər müxtəlif formatlı birgə tədbirlər keçirilib, MDU əməkdaşlarının Qazi Universitetində bir aylıq təlim və təcrübə proqramında iştirakı təmin edilib. Eləcə də, ötən tədris ilində Qazi Universitetinin 2 alimi və cari tədris ilində isə 1 alimi MDU-da akademik fəaliyyətə cəlb olunub.

????????????????????????????????????

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.