Qazaxıstanda Konstitusiya islahatları davam edir
Yeni layihəyə əsasən prezident yalnız bir dəfə 7 il müddətinə seçiləcək, dövlət başçısının yaxın qohumlarının yüksək vəzifə tutmasına qadağa qoyulacaq
Qazaxıstanda ictimai müzakirəyə çıxarılan yeni Konstitusiya layihəsi prezident institutu ilə bağlı bir sıra mühüm məhdudiyyətləri nəzərdə tutur. Sənədə əsasən, prezident postuna yalnız Qazaxıstan ərazisində anadan olmuş və 40 yaşını tamamlamış vətəndaş namizəd ola biləcək. Eyni şəxs bu vəzifəni cəmi bir dəfə və 7 il müddətinə icra edə biləcək.
Layihədə yer alan yeniliklərdən biri də prezidentin yaxın qohumları ilə bağlıdır. Belə ki, dövlət başçısının ailə üzvlərinin yüksək dövlət vəzifələrində çalışmasına qadağa qoyulması təklif edilir. Bu müddəalar Konstitusiya layihəsinin ictimaiyyətə təqdim olunan mətnində əksini tapıb.
Qeyd edək ki, Qazaxıstanın qüvvədə olan Konstitusiyasında da oxşar normalar mövcuddur. 2022-ci ildə keçirilən referendumdan sonra prezidentlik müddəti 5 ildən 7 ilə artırılıb, lakin yenidən seçilmə imkanı aradan qaldırılıb. Həmin dəyişikliklər çərçivəsində prezidentin yaxın qohumlarının siyasi vəzifələrdə və dövlətin iştirakı olan qurumlarda rəhbər mövqe tutmasına da məhdudiyyətlər tətbiq olunub.
Prezidentliyə namizədlər üçün əsas tələblər isə dəyişdirilməyib. Bunlara doğuşdan Qazaxıstan vətəndaşı olmaq, dövlət dilini – qazax dilini bilmək, ali təhsilə sahib olmaq, ən azı 5 il dövlət qulluğunda və ya seçkili vəzifələrdə çalışmaq daxildir.
Yeni layihədə əlavə olunan digər bir norma prezident seçkilərinin vaxtı ilə bağlıdır. Təklifə əsasən, dövlət başçısının səlahiyyətlərinə xitam verildikdən sonra iki ay ərzində seçkilər keçirilməlidir. Halbuki hazırkı Konstitusiyada növbəti prezident seçkilərinin dekabr ayının ilk bazar günü keçirilməsi nəzərdə tutulur.
Sənədə görə, prezident seçkilərində ilk turda səslərin 50 faizindən çoxunu toplayan namizəd qalib hesab ediləcək. Əgər bu nəticə əldə olunmazsa, ikinci tur keçiriləcək və ən çox səs qazanan iki namizəd arasında qalib müəyyənləşdiriləcək.
Bundan əlavə, prezidentin siyasi partiyaya üzv olması, deputat mandatı daşıması və sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağan edilir. Bu məhdudiyyətlər artıq mövcud Konstitusiyada da öz əksini tapıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.