Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarlı və küləkli hava yaxınlaşır

Fövqəladə Hallar Nazirliyi əhaliyə təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə etdi

105

Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində gözlənilən hava şəraiti ilə əlaqədar vətəndaşlara müraciət edib.

Nazirlikdən verilən məlumata əsasən, Milli Hidrometeorologiya Xidmətinin proqnozlarına görə yaxın günlərdə Azərbaycanda qeyri-sabit və yağıntılı hava müşahidə olunacaq. Xüsusilə dağlıq və dağətəyi ərazilərdə qar yağacağı, bəzi bölgələrdə yağıntıların intensiv xarakter alacağı gözlənilir. Havanın temperaturunun əhəmiyyətli dərəcədə enəcəyi, ayrı-ayrı yerlərdə isə güclü küləyin əsəcəyi bildirilir.

Fövqəladə Hallar Nazirliyi mövcud hava şəraiti ilə əlaqədar əhaliyə təhlükəsizlik qaydalarına ciddi əməl etməyi tövsiyə edir. Bildirilib ki, soyuq havalar səbəbindən qaz və elektrik qızdırıcı cihazlarından istifadənin artması yanğın riskini yüksəldir. Bu səbəbdən nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcılardan istifadə edilməməli, elektrik şəbəkəsi yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcılar nəzarətsiz saxlanılmamalıdır.

Nazirlik xüsusilə dağlıq ərazilərdə yaşayan və ya həmin bölgələrə səfər edən vətəndaşlara da xəbərdarlıq edib. Şaxtalı və qarlı havalarda imkan daxilində yaşayış məntəqələrini tərk etməmək, zərurət yarandıqda isə hərəkət istiqaməti barədə yaxınlara əvvəlcədən məlumat vermək tövsiyə olunur. Avtomobillərin texniki vəziyyətinin mövsümə uyğunluğu yoxlanmalı, kifayət qədər yanacaq ehtiyatı təmin edilməlidir. Qar uçqunu riski olan ərazilərdən, xüsusilə dik yamaclardan uzaq durmaq və hava qaralmadan geri qayıtmaq məsləhət görülür.

Eyni zamanda, güclü küləkli hava şəraitində yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən kənar durmaq, elektrik dirəkləri, naqillər və hündür ağacların altında dayanmaqdan çəkinmək tövsiyə edilir. Küləkli havanın yanğınların söndürülməsində yaratdığı çətinliklər nəzərə alınaraq, bu cür hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusi diqqət yetirilməsinin vacibliyi vurğulanır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.