Qardaş Türkiyənin iki alimi – Qazi Universitetinin professoru Cemal Yılmaz və Ankara Hacı Bayram Veli Universitetinin (AHBVU) professoru Evren Güçer Mingəçevir Dövlət Universitetində (MDU) fəaliyyətə başlayıb. Bu münasibətlə, sentyabrın 21-də MDU-nun rektoru Şahin Bayramov qonaq alimlərlə görüşüb.
MDU ailəsinin üzvləri kimi qonaq alimləri salamlamaqdan məmnunluğunu ifadə edən rektor qardaş ölkənin tərəfdaş universitetləri ilə əməkdaşlığın dinamik inkişafından və məhsuldar nəticələrindən bəhs edib. Cari tədris ili daxil olmaqla son 3 tədris ilində Türkiyənin nüfuzlu universitetlərinin alimlərinin MDU-da fəaliyyətini bunun bariz nümunələrindən olduğunu bildirən Ş.Bayramov artıq işbirliyində ənənəvi xarakter alan bu müsbət tendensiyanın universitetin müasirləşməsi istiqamətindəki fəaliyyətlərinə əhəmiyyətli töhfə verdiyini diqqətə çatdırıb. Hər iki alimin MDU-nun potensialının güclənməsinə dəstək göstərəcəyinə əminliyini bildirən rektor onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Qardaş Azərbaycanda olmaqdan və yeni dövrün universitetinə çevrilmək yolunda önəmli addımlar atan tərəfdaş MDU-da fəaliyyətə başlamaqdan məmnunluqlarını bildirən qonaq professorlar göstərilən diqqətə və yaradılan imkanlara görə təşəkkürlərini bildirib və universitetin gələcək uğurlarında pay sahibi olmağa çalışacaqlarını vurğulayıblar.
Qeyd edək ki, Türkiyənin aparıcı ali təhsil müəssisələrindən biri olan Gazi Universitetinin professoru Cemal Yılmaz MDU-da mühəndislik profili üzrə, AHBVU professoru Evren Güçer isə turizm profili üzrə kadr hazırlığının keyfiyyətinin daha da yüksəldilməsində fəal iştirak edəcəkdir.
Şərhlər bağlıdır.