Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağ və Şərqi Zəngəzurda müəllimlər üçün yeni stimul paketləri

Maaş artımı və əlavə stimullar müəllimləri Qarabağa cəlb edəcək, təhsilin keyfiyyəti yüksələcək və bölgələrin sosial-iqtisadi inkişafına töhfə verəcək.

15

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində “Böyük Qayıdış” prosesi sürətlə həyata keçirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgələrdə minlərlə soydaşımız doğma yurd-yuvalarına qayıdır, müasir infrastruktur qurulur, yeni yaşayış məntəqələri salınır, məktəblər və uşaq bağçaları fəaliyyətə başlayır.

Bu çərçivədə müəllimlərin maaşının artırılması məsələsi də xüsusi əhəmiyyət kəsb edir. Milli Məclisin Elm və Təhsil Komitəsinin üzvü Elnarə Akimova bildirir ki, müəllimlər yalnız tədris aparan şəxslər deyil, həm də azad edilmiş torpaqlarda yeni həyatın, milli ruhun və azadlıq düşüncəsinin daşıyıcılarıdır. Onun sözlərinə görə, yüksək maaş təcrübəli və ixtisaslı müəllimləri bölgəyə cəlb edəcək, kadr çatışmazlığını aradan qaldıracaq və təhsilin keyfiyyətini yüksəldəcək.

E.Akimova əlavə edir ki, maaş artımı müəllimlər üçün yalnız sosial təminat deyil, həm də peşənin nüfuzunun yüksəlməsinə xidmət edir. Bu addım dövlətin müəllimlərə verdiyi dəyərin göstəricisi olaraq gənc mütəxəssisləri müəllimliyə həvəsləndirəcək və bölgədə işləməyi qürurverici edəcək.

Elm və Təhsil Komitəsinin digər üzvü Elçin Mirzəbəyli də qeyd edir ki, işğaldan azad olunmuş bölgələrdə həyatın bərpası yalnız infrastrukturun qurulması ilə məhdudlaşmır. Sosial-iqtisadi dirçəlişin əsas tərkib hissəsi təhsil sektorudur. Müəllimlərin motivasiyası ilə təhsilin keyfiyyəti arasında birbaşa əlaqə mövcuddur. Yüksək əməkhaqqı müəllimlərin məsuliyyət və yaradıcılıq potensialını artırır, bölgədə uzunmüddətli fəaliyyətlərini təmin edir və tədris prosesinin sabitliyinə xidmət edir.

E.Mirzəbəyli həmçinin müəllimlər üçün diferensial maaş sisteminin, sosial paketlərin və peşəkar inkişaf imkanlarının yaradılmasının vacibliyini vurğulayır. Belə tədbirlər müəllimləri bölgədə işləməyə cəlb edəcək, təhsil prosesinin keyfiyyətini yüksəldəcək və gələcək nəsillərin savadlı, vətənpərvər və milli ruhda yetişməsini təmin edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.