Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qarabağ abidələri beynəlxalq irs siyahısına daxil edildi

Ağdamın “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və Şuşa şəhərinin Dövlət Qoruğu İSESCO İslam Dünya İrsi Siyahısına əlavə olunub, komplekslər ziyarətçilər üçün açıqdır.

34

Fevralın 10-da Daşkənddə İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) İslam Dünyası İrsi Komitəsinin 13-cü sessiyası işə başlayıb.

Azərbaycan Mədəniyyət Nazirliyinin məlumatına görə, sessiyada İslam Dünyası İrsi Siyahısına və İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilmək üçün təqdim olunan nominasiya sənədləri müzakirə olunub.

Baxışdan sonra Azərbaycan Mədəniyyət Nazirliyi tərəfindən hazırlanan nominasiya sənədləri – Ağdamın “İmarət” Tarix-Memarlıq Muzey Kompleksi və Şuşa şəhərinin Dövlət Qoruğu – İSESCO İslam Dünya İrsi Siyahısına daxil edilib.

Beləliklə, Ağdam abidələri ilk dəfə beynəlxalq mədəni irs siyahısına daxil olunub. XVIII əsrə aid bu tarixi-memarlıq kompleksində Qarabağ xanlığının banisi Pənahəli xanın İmarəti, onun məzarı, həmçinin xanlığın hökmdarları olan İbrahimxəlil xanın və oğlu Mehdiqulu xanın, eləcə də Mehdiqulu xanın qızı Xurşidbanu Natəvanın və digər görkəmli nümayəndələrinin məzarları yerləşir.

Azərbaycan Prezidenti İlham Əliyevin 20 fevral 2025-ci il tarixli Sərəncamına əsasən, Ağdamda İmarət Tarixi-Memarlıq Muzey Kompleksinin yaradılması Qarabağ bölgəsinin mədəni irsinin bərpası və tarixi-mədəni dəyərlərin qorunması sahəsində dövlət səviyyəsində göstərilən xüsusi diqqətin nümunəsidir.

19 sentyabr 2024-cü ildə Prezident İlham Əliyev bərpa edilmiş Ağdam İmarət Kompleksinin açılışında iştirak edib. 3,3 hektar ərazini əhatə edən kompleks mərasim binalarından, məqbərələrdən, tarixi qəbiristanlıqdan, Qarabağ atlarını nümayiş etdirən atçılıq kompleksindən və ziyarətçi mərkəzindən ibarətdir. Kompleks artıq ziyarətçilər üçün açıqdır.

Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa şəhərinin İSESCO Siyahısına daxil edilməsi bu şəhərin dirçələn tarixi və mədəni irsinə verilən yüksək qiymətin göstəricisidir.

Sessiya 13 fevrala qədər davam edəcək.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.