Qadın Sürücülər İctimai Nəqliyyatda Yeni Dövr Açır
Təlim və sınaqlardan keçən xanım sürücülər 140 və 141 nömrəli avtobuslarda fəaliyyətə başlayır, təcrübəli mentorlar onların yanında olacaq
Bu gündən etibarən iki xanım sürücü ictimai nəqliyyat xəttində fəaliyyətə başlayıb. Onlar 140 və 141 nömrəli avtobuslarda işləyəcəklər.
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) təşəbbüsü ilə ictimai nəqliyyatda qadın sürücülərin iştirakını artırmaq məqsədilə xüsusi təlim proqramı keçirilib. Proqram çərçivəsində xanım namizədlər həm nəzəri, həm də praktiki sahədə avtobus sürücüsü kimi peşəkar hazırlıqdan keçiblər.
Təlimlər zamanı sürücülük bacarıqları ilə yanaşı, etik davranış, ünsiyyət mədəniyyəti və təhlükəsizlik qaydaları da öyrədilib. Praktiki məşğələlərə manevrlər, dayanma və durma, slalom hərəkətləri, dönmə trayektoriyalarının düzgün seçilməsi və təhlükəsiz ara məsafəsinin qorunması daxildir. Eyni zamanda, müxtəlif yol şəraitində qəza risklərinin minimuma endirilməsi bacarıqları da tətbiqi şəkildə öyrədilib.
Xanımlar xüsusi hazırlanmış marşrutlarda sərbəst idarəetmə sınaqlarından keçərək, “BakuBus” MMC-də sürücü vəzifəsinə rəsmi olaraq qəbul olunublar. İşə qəbul prosesi tibbi müayinə, psixoloji qiymətləndirmə və təhlükəsizlik uyğunluğunun yoxlanılması mərhələlərini əhatə edib.
Bundan əlavə, qadın sürücülər üçün “Ehtiyatlı idarəetmə və təhlükəsiz sürücülük” təlimi təşkil olunub. Təlim zamanı fövqəladə vəziyyətlərdə düzgün reaksiya, təhlükəsiz manevr bacarıqları və yol hərəkəti qaydalarına riayət öyrədilib. Noyabrın 24-dən xanım sürücülər fəaliyyətə başlayır və ilkin dövrdə təcrübəli mentor-sürücülər tərəfindən dəstək alacaqlar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.