Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəzzada humanitar proses sürətlənir

İlkin mərhələdə yeddi israilli girov Qırmızı Xaç Komitəsinə təhvil verilib, eyni vaxtda 1 966 fələstinli məhbusun azad olunması prosesi başlayıb.

11

Qəzza zolağında gərginlik fonunda mühüm humanitar addım atılıb — HƏMAS israilli girovları azad etməyə başlayıb. İlkin mərhələdə yeddi israilli girov Beynəlxalq Qırmızı Xaç Komitəsinə (ICRC) təhvil verilib.

Eyni zamanda, İsrail həbsxanalarında saxlanılan fələstinli məhbusların azad olunması prosesi də start götürüb. Rəsmilərin məlumatına görə, azadlığa buraxılması nəzərdə tutulan 1 966 məhbus artıq avtobuslara mindirilib.

Qəzza zolağında həyata keçirilən əməliyyat zamanı girovlar Qırmızı Xaç nümayəndələrinə təhvil verildikdən sonra İsrail hakimiyyətinə çatdırılacaq.

Beynəlxalq Qırmızı Xaç Komitəsi bildirib ki, əməliyyat eyni vaxtda iki istiqamətdə aparılır – israilli girovların İsrailə, fələstinli məhbusların isə Qəzza və İordan çayının qərb sahilinə qaytarılması istiqamətində.

Qurumun bəyanatında vurğulanıb ki, bu əməliyyatlar çox mürəkkəb logistika və yüksək təhlükəsizlik planlaması tələb edir. Həmçinin, insan qalıqlarının mübadiləsi də bu prosesin bir hissəsidir.

Qırmızı Xaçın açıqlamasına görə, 2023-cü ilin oktyabrından bəri təşkilat ümumilikdə 148 girovun və 1 931 məhbusun azad olunmasına və daşınmasına vasitəçilik edib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.