Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəzza zolağında atəşkəs yenidən təhlükə altında

Rəfahda dörd silahlı öldürüldü, Deyr əl-Bələh şəhərində isə fələstinli fermer güllələnərək həyatını itirdi

65

Qəzza zolağında gərginlik yenidən artıb: İsrail hərbçiləri Rəfahda silahlı insident zamanı dörd nəfəri öldürüb, ayrı hadisədə isə bir fələstinli fermer güllələnərək həyatını itirib.

İsrail ordusunun açıqlamasına görə, Qəzzanın cənubunda yerləşən Rəfah şəhərində yeraltı tuneldən çıxaraq hərbçilərə atəş açan silahlı qrupla toqquşma baş verib və nəticədə dörd silahlı məhv edilib. İsrail tərəfi bu hadisəni ötən ilin oktyabrında ABŞ-nin vasitəçiliyi ilə HƏMAS-la razılaşdırılmış atəşkəsin pozulması kimi qiymətləndirib və məsələni ciddi eskalasiya adlandırıb.

HƏMAS rəsmi açıqlama yaymasa da, hərəkatla əlaqəli mənbələr ölənlərdən birinin təşkilatın həmtəsisçilərindən biri olan İssa Ənnaşarın oğlu Anas Ənnaşar olduğunu iddia ediblər.

Məlumatlara görə, son aylarda oxşar insidentlərdən sonra İsrail Qəzza zolağında bir neçə hava zərbəsi endirib və bu hücumlar nəticəsində onlarla insan həlak olub. Bazar ertəsi axşam saatlarında İsrail aviasiyası Qəzza şəhərinin şimalında yerləşən yaşayış mənzilini vurub. Yerli səhiyyə qurumları hücum nəticəsində üç fələstinlinin öldüyünü bildirib. İsrail ordusu hadisə ilə bağlı dərhal rəsmi şərh verməsə də, təhlükəsizlik rəsmilərindən biri “Reuters” agentliyinə zərbənin HƏMAS-ın atəşkəsi pozmasına cavab olduğunu deyib.

Qeyd olunur ki, atəşkəsdən sonra Rəfahın altındakı tunellərdə onlarla HƏMAS döyüşçüsü mühasirədə qalıb və onların bir qismi İsrail qüvvələri ilə toqquşmalar zamanı öldürülüb.

Bundan başqa, Qəzzanın mərkəzində yerləşən Deyr əl-Bələh şəhərində baş verən ayrı bir hadisədə İsrail qüvvələri fələstinli fermeri güllələyib. Yerli səhiyyə orqanları ölümü təsdiqləsə də, İsrail tərəfi bu insidentlə bağlı hələlik mövqe açıqlamayıb.

Bildirilir ki, zorakılıq halları atəşkəs razılaşmasını dəfələrlə sarsıdıb və tərəflər baş verən pozuntulara görə bir-birini ittiham edirlər. ABŞ isə razılaşmanın növbəti mərhələlərinə keçilməsi üçün tərəflərə təzyiq göstərir. Prezident Donald Trampın Qəzza ilə bağlı planının davamında HƏMAS-ın tərksilah edilməsi, İsrail qoşunlarının daha da geri çəkilməsi və beynəlxalq sülhməramlı qüvvənin yerləşdirilməsi kimi mürəkkəb məsələlərin həlli nəzərdə tutulur.

Qəzza Səhiyyə Nazirliyinin məlumatına əsasən, oktyabrda əldə olunan atəşkəsdən bu yana İsrail atəşi nəticəsində azı 580 fələstinli həyatını itirib. İsrail isə eyni dövrdə Qəzzada silahlılar tərəfindən dörd əsgərinin öldürüldüyünü bildirir.

Xatırladaq ki, Qəzza müharibəsi 2023-cü il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumu ilə başlayıb. Həmin hücumda 1 200-dən çox insan ölüb. Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, müharibənin başlanmasından bu günədək Qəzzada həlak olanların sayı 71 mini keçib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.