Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəzza ilə bağlı yeni təşəbbüs gündəmdə

ABŞ-ın təşəbbüsü ilə yaradılacaq beynəlxalq sabitlik qüvvəsi bölgədə təhlükəsizliyi təmin etməyi hədəfləyir

18

Qəzza zolağında beynəlxalq sabitlik qüvvələrinin yaradılması istiqamətində danışıqlar aparılır.
“Politico” nəşrinin məlumatına görə, bu qüvvəyə qoşulmaq üçün əsas namizəd ölkələr arasında Azərbaycan, İndoneziya və Pakistan yer alır.

Məlumat ABŞ Müdafiə Nazirliyinin rəsmisinə və keçmiş yüksək səviyyəli müdafiə rəsmisinə istinadən yayılıb. Bildirilir ki, qüvvənin tərkibi ilə bağlı danışıqlar davam edir və hələ heç bir ölkə rəsmi öhdəlik götürməyib. Lakin məhz bu üç ölkənin prosesdə iştirak etməyə daha çox maraq göstərdiyi qeyd olunur.

Donald Tramp administrasiyasının hazırladığı “Qəzzada sülh üçün 20 maddəlik plan” çərçivəsində ABŞ Ərəb və digər tərəfdaş ölkələrlə birlikdə müvəqqəti sabitlik qüvvəsi formalaşdırmağı planlaşdırır. Bu qüvvə seçilmiş fələstinli polis əməkdaşlarını hazırlayacaq və onlara dəstək göstərəcək.

Rəsmi Vaşinqtonun mövqeyinə görə, ABŞ əsgərləri Qəzzaya daxil olmayacaq, lakin koordinasiya və nəzarət proseslərində iştirak edəcəklər. Sabitlik qüvvəsi Tramp administrasiyasının HƏMAS ilə İsrail arasında atəşkəsi təmin etmək, Qəzzanı tədricən demilitarizasiya edib bərpa etmək planının əsas hissəsi hesab olunur.

Hazırda ABŞ İsrailə 200 hərbçi göndərib. Onlar Mərkəzi Komandanlığın (CENTCOM) tərkibində Qəzzanın şimalında yerləşəcək mülki-hərbi koordinasiya mərkəzində fəaliyyət göstərəcəklər. Həmin mərkəzdə Misir, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin hərbçilərinin də iştirakı gözlənilir.

Tramp administrasiyası hələlik Dövlət Departamenti və digər qurumlar səviyyəsində texniki qrupların yaradılması barədə məlumat açıqlamayıb.
Xatırladaq ki, oktyabrın 8-də HƏMAS sülh sazişinə razılıq verib və 20 nəfər girovu azad edib, lakin İsrail tərəfi hələ də bir sıra girovların cəsədlərinin qaytarılmadığını bildirir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.