“Qələbə Şəhidləri”nin növbəti cildi salyanlıların görüşünə gəldi
Dördüncü cildin çapına Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yardım göstərib
Martın 18-də “Aran” Uşaqların Sağlam Gələcəyi İctimai Birliyi salyanlı şəhid ailələrinin üzvləri ilə görüşə “Qələbə Şəhidləri” kitabının dördüncü cildinin təqdimatı ilə gəlib. Mərkəzi Kitabxanada baş tutan görüşün iştirakçıları Rayon İcra Hakimiyyətinin Müharibə və şəhid ailələri ilə iş şöbəsinin müdiri Rəşad Kazımovun təklifi ilə Vətən müharibəsində həlak olanların xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Məclisə aparıcılıq edən Salyan Ziyalılar Cəmiyyətinin sədri Allahverdi Piriyev, “Aran” USGİ-nin sədri İbrahim Hüseynov fikirlərini bölüşüblər. “Bu kitabı ortaya qoymaq ideyası “Zərdabi” Mətbuat Mərkəzinin sədri, tanınmış qələm sahibi, əməkdar jurnalist Rəhim Hüseynzadəyə məxsusdur. Mən isə bu ideyanı bəyəndim və dəstəklədim. Bir qrup salyanlı ziyalı ilə birgə iş apardıq, materialları toplamağa başladıq. Proses indi də davam edir. Üç cild ərsəyə gəldi. Dördüncü cildin çapına isə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi yardım göstərdi”- A. Piriyev belə deyib.
Kitabın redaktoru Rəhim Hüseynzadə yarım əsrlik jurnalist fəaliyyətində vətənpərvərlik mövzusunun aparıcı xətt təşkil etdiyini diqqətə çatdırıb.
“Qələbə” qəzetinin redaktoru Rüstəm Məlikov xeyirxah işə ilk gündən dəstək verdiyini, bu prosesin davamlı olacağını dilə gətirib.
Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İBN-nın Salyan rayon filialının sədri Arif Əsgərov, kitabxananın direktoru Səidə Xəlilbəyli layihə çərçivəsində davam edən işləri alqışlayıb. Şair Zabil Pərviz isə günün ruhuna uyğun vətənpərvər şeir səsləndirib.
Şəhid ailələrinin üzvləri Vəfa Abbasova, Allahverdi Kazımov, Şəfi Cəfərov, Zinət İsmayılovanı… dinləmək ürəkləri dağa döndəririb. Həmin gün şəhid anaları və ataları, onların doğmaları üçün “Qələbə Şəhidləri” bir təskinlik idi.
Şərhlər bağlıdır.