Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Qəbul imtahanlarında yeni yanaşma

Magistraturaya “speaking” imtahanı əlavə olunur, bakalavr səviyyəsi üçün də müzakirələr gedir

20

Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanlarında danışıq bacarıqlarını qiymətləndirmə mərhələsi — yəni “speaking” mərhələsi tətbiq etməyi planlaşdırır. Hazırda bu yenilik yalnız magistratura pilləsində nəzərdə tutulub, lakin bakalavr səviyyəsində də oxşar testlərin tətbiqi müzakirə olunur.

Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova hesab edir ki, magistratura səviyyəsində “speaking” imtahanının tətbiqi doğru və vacib addımdır. Onun sözlərinə görə, dil öyrənməyin əsas məqsədi ünsiyyət bacarığını inkişaf etdirməkdir, amma ölkədə qəbul imtahanları hələ də əsasən qrammatika və testlər üzərində qurulub. Son illərdə DİM-in 9 və 11-ci sinif buraxılış imtahanlarında dinləmə, oxuma və yazı bacarıqlarına yönəlik yeni tip tapşırıqların tətbiq edilməsi isə bu istiqamətdə sevindirici inkişafdır.

Günay Əkbərova əlavə edir ki, əgər “speaking” qəbul imtahanına daxil olarsa, müəllimlər dərslərdə ünsiyyət yönümlü fəaliyyətlərə daha çox yer ayıracaq, şagirdlər isə dili real həyatda istifadə etmək üçün öyrənməyə başlayacaqlar. Dünya təcrübəsində də bu cür yanaşma geniş tətbiq olunur — məsələn, IELTS, TOEFL və Cambridge imtahanlarında danışıq əsas komponent kimi qiymətləndirilir, bir çox Avropa ölkələri isə bunu mərhələli şəkildə tətbiq edib.

Ekspert vurğulayıb ki, ölkə üzrə birdən-birə tətbiq çətin ola bilər. Buna görə pilot imtahanların keçirilməsi, müəllimlər üçün danışıq bacarığının qiymətləndirilməsini öyrədən təlimlərin təşkil olunması, məktəblərdə kiçik danışıq klublarının yaradılması və onlayn platformalarda şagirdlər üçün ünsiyyət mühitlərinin təmin olunması yaxşı başlanğıc ola bilər.

Həmçinin, xarici mütəxəssislərlə əməkdaşlıq və beynəlxalq platformalardan istifadə müəllimlərin və şagirdlərin real kommunikasiya mühitinə çıxışını asanlaşdıracaq. G.Əkbərova bildirib ki, düzgün planlaşdırma ilə bu proses pilot formada 2-3 il, tam tətbiqi isə 4-5 il ərzində mümkün ola bilər. Nəticədə, universitetə daxil olan gənclər yalnız testləri həll edən deyil, öz fikrini ifadə edə bilən və qlobal mühitə hazır insanlar kimi formalaşacaqlar.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.