Prezidentdən aztəminatlı ailələrə yeni sosial dəstək
Birdəfəlik yardım 76 min ailəni əhatə edəcək, müraciətə ehtiyac olmayacaq
Prezident İlham Əliyevin “Aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında” imzaladığı sərəncam dövlətin sosial siyasətində əsas prioritetin vətəndaşların rifahının yüksəldilməsi və sosial təminat mexanizmlərinin gücləndirilməsi olduğunu bir daha təsdiqləyir.
Milli Məclisin deputatı Vüqar Bayramov sərəncamın icrası ilə bağlı əsas suallara aydınlıq gətirib.
– Kimlərə yardımlar ödəniləcək?
Sərəncam hazırda aktiv ünvanlı dövlət sosial yardımı alan ailələrə şamil olunur. Hazırda bu proqramdan yararlanan 76 min ailə 200 manatlıq birdəfəlik maddi yardım almaq hüququna malikdir.
– Yardımlar necə ödəniləcək?
Yardımın alınması üçün yeni bank kartına ehtiyac yoxdur. Vəsait ünvanlı sosial yardım alan ailələrin mövcud kartlarına köçürüləcək.
– Yardımı almaq üçün hara müraciət etmək lazımdır?
Heç bir müraciət tələb olunmur. Yardımlar proaktiv qaydada, mövcud elektron məlumat bazası əsasında avtomatik olaraq kartlara ödəniləcək.
– Digər sosial proqramların iştirakçıları bu yardımı ala biləcəklərmi?
Xeyr. 200 manatlıq birdəfəlik maddi yardım yalnız ünvanlı dövlət sosial yardımı alan ailələr üçün nəzərdə tutulub.
– Ünvanlı sosial yardıma müraciət edib, lakin hələ yardım təyin olunmayan ailələr bu vəsaiti ala biləcəklərmi?
Xeyr. Yardım yalnız ünvanlı dövlət sosial yardımı artıq təyin edilmiş ailələrə ödəniləcək.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.