Prezident və birinci xanım Xocavənd kəndində görülən işlərlə tanış oldular
İşğaldan azad edilmiş kənddə evlər təmir olunur, sosial infrastruktur bərpa edilir və ailələrin qayıdışı davam etdirilir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva fevralın 25-də Xocavənd rayonunun Xocavənd kəndinə səfər edərək burada həyata keçirilmiş işlərlə tanış olublar.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov dövlət başçısına və birinci xanıma kənddə aparılan sosial layihələr barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Xocavənd kəndi 2023-cü ilin sentyabr ayında Silahlı Qüvvələrimizin antiterror əməliyyatı nəticəsində işğaldan azad edilib.
Kənddə ümumilikdə 278 fərdi ev mövcuddur: 128-i tam yararsız, 150-si isə qismən istifadəyə yararlıdır. Qismən yararlı evlərin 20-si artıq təmir olunub, bu il isə daha 130 evdə təmir işlərinin aparılması nəzərdə tutulur. Fevral ayı ərzində kəndə 20 ailə – 94 nəfər qayıdıb, mart-dekabr aylarında isə əlavə 130 ailə – 533 nəfərin köçü planlaşdırılır.
Bundan əlavə, kənddə bir sıra sosial infrastruktur layihələri reallaşdırılıb. 5 kilometr uzunluğunda yeni daşıyıcı qaz xətti çəkilib, 1500 metr mövcud xətt bərpa olunub, elektrik xətləri və 2 transformator məntəqəsi yenilənib. Kənddaxili yollar asfaltlanıb, piyada yolları salınıb və bu istiqamətdə işlər davam etdirilir.
Səfər çərçivəsində Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva kəndə qayıdan ailələrdən Rizvan İbrahimovun evində yaradılmış şəraitlə tanış olublar və ailə üzvləri ilə söhbət ediblər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.