Prezident İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Tiencində görüşdülər
Enerji və nəqliyyat layihələri, regional əməkdaşlıq və strateji müttəfiqlik müzakirə olunub
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın görüşü keçirilib.
Görüşdə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli münasibətlərin bütün sahələrdə, xüsusilə enerji və nəqliyyat sektorlarında daha da genişləndirilməsindən məmnunluq ifadə edilib.
Söhbət zamanı SOCAR ilə Türkiyənin “Botaş” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Bu kontekstdə Azərbaycan qazının Qətərin maliyyə dəstəyi ilə Türkiyə üzərindən Suriyaya çatdırılmasının önəmi vurğulanıb. Həmçinin Azərbaycan və Türkiyənin üçüncü ölkələrdə birgə enerji layihələrinin həyata keçirilməsinə dair fikir mübadiləsi aparılıb.
Bir neçə gün əvvəl Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlqoyma mərasimindən bəhs edilib, Azərbaycanda, o cümlədən Naxçıvan regionunda icra olunan dəmir yolu layihələri barədə də danışılıb.
Görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi diqqət mərkəzində olub və Türkiyənin regional sabitliyin təminində oynadığı rol yüksək qiymətləndirilib.
Bundan əlavə, bu il Azərbaycanda keçiriləcək Türk Dövlətləri Təşkilatının növbəti Zirvə görüşünün əhəmiyyətinə toxunulub.
Prezidentlər Azərbaycan–Türkiyə strateji müttəfiqlik əlaqələrinin gələcək perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.