Polis Akademiyasına 2026/2027-ci il üçün qəbul: Hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə sənəd qəbulu davam edir
Dekabrın 15-dən fevralın 22-dək davam edən qəbulda abituriyentlər fiziki hazırlıq və həkim komissiyasından keçdikdən sonra imtahanlara buraxılacaq; kursantlar dövlət hesabına yataqxana, təqaüd və yeməklə təmin olunacaq.
2026/2027-ci tədris ili üçün DİN-in Polis Akademiyasında hüquqşünaslıq və informasiya təhlükəsizliyi ixtisasları üzrə əyani təhsil üçün kursantların sənəd qəbulu davam edir. Hüquqşünaslıq ixtisasına 500, informasiya təhlükəsizliyinə isə 25 kursant qəbul olunacaq.
Müsabiqədə 16-18 yaş arası, Azərbaycan dilini sərbəst bilən, boyu ən azı 165 sm olan və həqiqi hərbi xidmətə yararlı vətəndaşlar iştirak edə bilər. İkili vətəndaşlığı olanlar, din xadimləri, məhkum olmuş şəxslər və digər müəyyən kateqoriyalara aid olanlar müsabiqəyə buraxılmır.
Sənədlər dekabrın 15-dən fevralın 22-dək, abituriyentin yaşadığı inzibati ərazi üzrə polis idarə və şöbələrində qəbul edilir. Kursantlar fiziki hazırlıq və həkim komissiyasından müsbət rəy aldıqdan sonra imtahanlara buraxılır.
Qəbul imtahanları Azərbaycan və rus dillərində keçirilir və Dövlət İmtahan Mərkəzi tərəfindən təşkil olunur. Akademiyada təhsil 4 il davam edəcək, kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim, təqaüd və yeməklə təmin ediləcək. Təhsil müddətində kursantlar Akademiyanın yataqxanasında yaşayırlar.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.