Peşə təhsilində yeni mərhələ başladı
Qəbulun ikinci mərhələsi 2 sentyabra qədər davam edəcək
2025/2026-cı tədris ili üçün peşə təhsil müəssisələrinə qəbulun ikinci mərhələsinə avqustun 26-da start verilib. Bu mərhələ yalnız birinci raunddan sonra boş qalan plan yerlərini əhatə edir və sənəd qəbulu sentyabrın 2-si saat 18:00-da başa çatacaq.
Peşə Təhsili üzrə Dövlət Agentliyinin məlumatına görə, abituriyentlər müraciətlərini www.portal.edu.az üzərindən onlayn qaydada təqdim edə bilərlər. Müsabiqədə həm ümumi, həm də tam orta təhsil səviyyəsini bitirən şəxslər iştirak hüququna malikdirlər.
İkinci mərhələdə iştirak edə biləcək şəxslər:
-
Birinci mərhələdə qəbul ola bilməyənlər;
-
Qəbulun ilk mərhələsində iştirak etməyən yeni namizədlərdir.
Qəbul prosesi müxtəlif meyarlara əsaslanacaq:
-
İlk peşə və texniki peşə təhsili pilləsi üzrə – attestatda göstərilən fənlərin orta qiyməti;
-
Yüksək texniki peşə pilləsi üzrə – buraxılış və ya Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qəbul imtahanlarının nəticələri.
Namizədlərə 5 ixtisas seçmək imkanı verilir. Müsabiqədə uğur qazananlar sənədlərini qəbul olunduqları müəssisəyə təqdim etməlidirlər.
Xatırladaq ki, qəbulun birinci mərhələsi iyulun 22-dən avqustun 11-dək davam edib. Həmin mərhələdə 78 peşə təhsil müəssisəsi üzrə 152 ixtisas təqdim olunmuş, 32 620 plan yerindən 17 540-ı dolmuşdu.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.