Peşə təhsilində böyük islahat paketi
2026–2030-cu illəri əhatə edən proqram çərçivəsində yeni tədris müəssisələri inşa olunacaq, iki məktəb isə əsaslı şəkildə yenilənəcək
Prezident İlham Əliyev peşə təhsili sisteminin gücləndirilməsinə dair yeni Sərəncam imzalayıb. Sənədə əsasən, ölkədə əmək bazarının tələblərinə uyğun kadr hazırlığını sürətləndirmək üçün genişmiqyaslı infrastruktur proqramı həyata keçiriləcək.
Sərəncamda qeyd olunur ki, sürətlə dəyişən iqtisadi şərait ixtisaslı mütəxəssislərə olan tələbatı artırır. Bu səbəbdən müasir standartlara uyğun, gücləndirilmiş tədris bazası olan yeni peşə təhsili müəssisələrinin yaradılması vacib hesab edilir.
Qərara əsasən:
-
2026–2030-cu illər ərzində 21 yeni peşə məktəbi tikiləcək,
-
2 mövcud peşə təhsili müəssisəsi isə əsaslı şəkildə yenidən qurulacaq.
Nazirlər Kabinetinə dörd ay müddətində peşə təhsili sisteminin inkişafına dair tədbirlər planını hazırlayıb Prezidentə təqdim etmək tapşırılıb.
Elm və Təhsil Nazirliyi isə tikiləcək və təmir olunacaq müəssisələrin siyahısını müəyyənləşdirəcək, maliyyə tələbatını hesablayaraq Dövlət Neft Fonduna təqdim edəcək.
Dövlət Neft Fondu bu layihələrin maliyyələşdirilməsini illik büdcəsində nəzərdə tutacaq.
Yeni proqramın həyata keçirilməsi peşə təhsilinin cəlbediciliyini artırmaqla yanaşı, müxtəlif sahələr üzrə peşəkar kadrların hazırlanmasına şərait yaradacaq.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.