Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pensiyaçılara vacib xəbər

İndeksasiya fevralda aparılacaq, yanvar ayının artımı da birlikdə ödəniləcək

210

“Əmək pensiyaları haqqında” qanunvericiliyə görə, əmək pensiyalarının indeksasiya olunaraq artırılması hər il yanvar ayından tətbiq edilir. Yanvar ayının pensiyaları artıq ödənilsə də, artım məbləğinin bu ay pensiyalara əlavə edilməməsi vətəndaşlarda sual yaradıb.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Vüqar Bayramov sosial şəbəkə hesabında açıqlama verib. O bildirib ki, qanuna əsasən, pensiya məbləğləri əvvəlki ildə ölkə üzrə orta aylıq əmək haqqının artım tempinə uyğun indeksləşdirilir.

Deputatın sözlərinə görə, artım faizi hələ rəsmi olaraq açıqlanmasa da, indeksasiya məhz yanvar ayından hesablanır. 2025-ci ilin ilk 11 ayının nəticələrinə əsasən, orta aylıq əmək haqqı təxminən 9,3 faiz artıb. İl üzrə yekun göstəricinin isə 9,2 faiz ətrafında olacağı proqnozlaşdırılır. Dəqiq rəqəmlər Dövlət Statistika Komitəsi tərəfindən fevral ayının əvvəlində açıqlanacaq.

Vüqar Bayramov qeyd edib ki, əmək haqqı artımı ilə bağlı rəsmi statistika fevralın ilk 10 günündə məlum olduğundan, pensiyaların indeksasiyası da həmin dövrdə həyata keçirilir. Bununla belə, pensiya artımı yanvarın 1-dən qüvvədə sayılır və fevral ayında həm yanvar, həm də fevral ayları üzrə artım birlikdə ödəniləcək. Yəni, pensiya alanlar artımlı məbləği gələn aydan etibarən alacaqlar.

Deputat vurğulayıb ki, indeksasiya bütün əmək pensiyası növlərinə şamil edilir. Qanunun 4-cü maddəsinə əsasən, əmək pensiyaları yaşa görə, əlilliyə görə və ailə başçısını itirməyə görə pensiya olmaqla üç növə bölünür. Bu da o deməkdir ki, hansı növdə əmək pensiyası almasına baxmayaraq, hər bir vətəndaşın pensiya məbləği artırılacaq.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.