Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Pensiya sistemində yenilik

2026-cı ildən vətəndaşların pensiya kapitalı inflyasiya səviyyəsinə uyğun indeksləşdirilərək artırılacaq

233

Pensiya kapitalında artım gözlənilir: indeksləşdirmənin detalları açıqlanıb

Qanunvericiliyə əsasən, hər il təkcə əmək pensiyaları deyil, vətəndaşların topladığı pensiya kapitalı da indeksləşdirilərək artırılır. “Əmək pensiyaları haqqında” qanunun 29.1-1-ci maddəsinə görə, sığorta olunan şəxslərin fərdi hesablarında toplanan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinə uyğun yenilənir.

Bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, pensiya kapitalının növbəti artımı 2025-ci il üzrə inflyasiya göstəriciləri əsasında hesablanacaq.

Deputat bildirib ki, Dövlət Statistika Komitəsinin açıqladığı son rəqəmlərə əsasən, ötən il ölkədə illik inflyasiya səviyyəsi 5,6 faiz təşkil edib. Bu isə o deməkdir ki, 1 yanvar 2026-cı il tarixinə qədər formalaşmış pensiya kapitalları eyni faizlə artırılacaq. Məsələn, əgər bir vətəndaşın pensiya hesabında 40 min manat vəsait varsa, indeksləşdirmə nəticəsində bu məbləğə 2 240 manat əlavə olunacaq və yekun kapital 42 240 manata çatacaq.

Vüqar Bayramov qeyd edib ki, pensiya kapitalının indeksləşdirilməsi ilə bağlı müvafiq sərəncamın yaxın vaxtlarda, ehtimal ki, növbəti ayın əvvəlində Prezident tərəfindən imzalanması gözlənilir. Sərəncam qüvvəyə mindikdən sonra 2026-cı il yanvarın 1-dək fərdi sığorta hesablarında toplanmış bütün pensiya kapitalı rəsmi şəkildə indeksləşdiriləcək.

Deputat vurğulayıb ki, bu mexanizmin əsas məqsədi vətəndaşların yığımlarını inflyasiyanın təsirindən qorumaqdır. Yəni qiymət artımlarının pensiya kapitalının real dəyərini azaltmasının qarşısı alınır. Bununla belə, pensiya kapitalının indeksləşdirilməsi ilə əmək pensiyalarının artırılması eyni anlayış deyil.

Onun sözlərinə görə, pensiya kapitalı illik inflyasiya səviyyəsinə uyğun artırıldığı halda, əmək pensiyalarının artımı əvvəlki ildə orta aylıq əməkhaqqının yüksəlmə faizinə əsaslanır. Bu baxımdan, pensiya kapitalında artım 5,6 faiz təşkil etsə də, əmək pensiyalarında artımın təxminən 9,2 faiz olacağı proqnozlaşdırılır.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.