Paşinyan iki ifadəsinə görə üzr istədi
Ermənistan Baş naziri davranış kodeksinin pozulmasını etiraf edərək ictimaiyyətə müraciət etdi
Ermənistanın Baş naziri Nikol Paşinyan Korrupsiyaya Qarşı Mübarizə Komissiyası tərəfindən çıxışının bəzi hissələrinin davranış kodeksinə uyğun olmadığı barədə qərar verildikdən sonra ictimaiyyətə üzr müraciəti yayıb.
Sosial şəbəkədə yayımlanan açıqlamada Paşinyan vurğulayıb ki, qərarın bir sıra dəyərləndirmələri ilə tam razılaşmasa da, həmin iki konkret epizodla bağlı hər kəsdən üzr istəyir. O bildirib ki, üzrxahlıq Komissiyanın qərarında qeyd olunan bəyanatlara və onlarla bağlı siyasi, mənəvi və əxlaqi prinsiplərin bərpa olunmasına yönəlib.
“Xalqın dəstəyi ilə bunu həyata keçirmək iradəm sarsılmazdır. Bu, Ermənistanın siyasi, hüquqi və mənəvi təhlükəsizliyi üçün vacibdir. Mənəvi yenilənmə gündəmində isə öz çatışmazlıqlarımı etiraf etməli və emosiyalarımı daha yaxşı idarə etməyi bacarmalıyam”, – deyə o qeyd edib.
Qeyd edək ki, Nikol Paşinyan mayın 30-da din xadimləri barədə bəzi kəskin ifadələr işlətmişdi. Bu səbəbdən Korrupsiyaya qarşı Mübarizə Komissiyası Baş nazirin davranış kodeksinin 48-ci maddəsini pozduğunu müəyyən edib.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.