Bizimlə həyatınız həmişə işıqlı olacaq!

“PAŞA Bank” səhmlərinin bir hissəsini açıq satışa çıxarır

Bank fiziki şəxslər üçün IPO təşkil edəcək, səhmlər vasitəsilə əhali iqtisadi inkişafda pay sahibi ola biləcək

305

“PAŞA Bank” ASC nizamnamə kapitalının təxminən 5 faizinə uyğun gələn səhmlərini hərrac vasitəsilə satışa çıxaracaq. Söhbət nominal dəyəri 20 manat olan 932 min 926 ədəd səhmdən gedir. Bankın nizamnamə kapitalı ümumilikdə 354,512 milyon manat təşkil edir.

Bu barədə bankın İdarə Heyətinin sədri və baş icraçı direktoru Cavid Quliyev məlumat verib. Onun sözlərinə görə, satışa çıxarılacaq səhmlərin həcmi bankın maliyyə sabitliyi və uzunmüddətli gəlir imkanları nəzərə alınmaqla müəyyən edilib.

Cavid Quliyev bildirib ki, səhmdarların qərarı və İdarə Heyətinin tövsiyəsi əsasında bank kapitallarının bir hissəsini potensial investorlarla, xüsusilə də fiziki şəxslərlə bölüşməyi planlaşdırır. Bu addımın əsas məqsədlərindən biri Azərbaycanda kapital bazarlarının inkişafına töhfə vermək və bazarın aktivliyini artırmaqdır.

Bank rəhbəri xüsusilə vurğulayıb ki, IPO prosesinin yalnız iri investorlar üçün nəzərdə tutulduğu barədə yayılmış fikir reallığı əks etdirmir. “PAŞA Bank”ın yerli IPO-su pərakəndə investorların – yəni əhalinin – bu prosesdə rahat iştirakını hədəfləyir. Onun sözlərinə görə, vətəndaşlar kiçik məbləğlərlə yerli banklar və broker platformaları vasitəsilə səhmləri əldə edə biləcəklər.

Quliyev qeyd edib ki, bu təşəbbüs fiziki şəxslərə depozit və istiqrazlardan əlavə, ölkənin uzunmüddətli iqtisadi inkişafında pay sahibi olmaq imkanı yaradacaq. Eyni zamanda, bu addım maliyyə savadlılığının artırılması baxımından da mühüm mərhələ hesab olunur. Səhmlərin yerləşdirilməsi bankın şəffaflığını, dayanıqlığını və Azərbaycan iqtisadiyyatına töhfəsini gücləndirməyə yönəlib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.