Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Parlamentdə yararsız filmlər haqqında müzakirə aparıldı

Deputat dövlət vəsaiti hesabına çəkilən, lakin yayımlanmayan filmlərə görə vəzifəli şəxslərin birbaşa cavabdeh olmasını təklif etdi

46

“Müasir dövrdə dövlətlər və cəmiyyətlər film, teatr tamaşaları və digər mədəni layihələr vasitəsilə hüquqi bilikləri və ali dəyərləri təbliğ edir, insanlarda estetik zövq formalaşdırır. Bu cür təşəbbüslər həm maarifləndirici rol oynayır, həm də cəmiyyətin mədəni inkişafına töhfə verir. İnsanlar bir tərəfdən asudə vaxtlarını səmərəli keçirir, digər tərəfdən isə dünyagörüşlərini zənginləşdirirlər. Lakin son vaxtlar “Məhsəti” filminin nümayişi ilə bağlı yaranan vəziyyət ciddi ictimai müzakirələrə səbəb olub”.

Bu fikirləri Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev parlamentin plenar iclasında səsləndirib.

Deputat bildirib ki, sözügedən film dövlət vəsaiti hesabına istehsal olunsa da, sonradan onun nümayişinə qadağa qoyulub. Onun sözlərinə görə, bu halda ayrılan büdcə vəsaitinə görə kimin məsuliyyət daşıdığı məsələsi açıq qalır.

Qüdrət Həsənquliyev qeyd edib ki, parlament mədəniyyət sahəsində qrantların maliyyələşdirilməsi ilə bağlı müddəaları müzakirə edir, eyni zamanda “Kinematoqrafiya haqqında” qanunun 13-cü maddəsinə dəyişiklik edilib və xarici prodüserlərin çəkdiyi filmlərə xərclərin bir hissəsinin geri qaytarılması nəzərdə tutulur.

Deputat sual edib ki, “Məhsəti” filminin ssenarisi əvvəlcədən qiymətləndirilibmi, məzmunu ilə bağlı ekspertiza aparılıbmı və layihə hansı meyarlar əsasında konkret icraçıya həvalə olunub? Onun fikrincə, film istehsalına qərar verilərkən yaradıcı heyətin peşəkarlığı və təqdim olunacaq dəyərlər diqqətlə araşdırılmalı idi.

Həsənquliyev hesab edir ki, dövlət vəsaitinin ayrılması zamanı məsuliyyət mexanizmləri daha da sərtləşdirilməlidir. O, büdcə vəsaitinin ayrılmasına qərar verən vəzifəli şəxslərin şəxsi məsuliyyət daşımasını, zərurət yarandıqda isə əmlak məsuliyyətinin də tətbiqini təklif edib. Deputat vurğulayıb ki, əks halda vəsait ayrıldıqdan sonra nəticənin yararsız olduğu üzə çıxır və buna görə konkret cavabdehlik müəyyənləşdirilmir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.