Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Paris 44 günlük Qarabağ müharibəsinin nəticələrini tanımır

Fransanın Ermənistandakı səfirliyinin bəyanatı regionda real vəziyyəti təhrif edən qərəzli mövqeyin növbəti nümunəsi kimi qiymətləndirilir

227

Fransanın Ermənistandakı səfirliyinin “vətən uğrunda həlak olanlar” barədə yayılan bəyanatı rəsmi Parisin 44 günlük Qarabağ müharibəsinin nəticələrini hələ də qəbul etmədiyini ortaya qoyur.

Ekspertlər bildirir ki, bu mövqe Fransa diplomatiyasının Qarabağ reallıqlarına qarşı uzun illər davam edən qərəzli və təhrifedici yanaşmasının növbəti nümunəsidir. 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın BMT və beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 30 illik Ermənistan işğalından azad olunması ilə nəticələnib. Azərbaycan bu müharibəni beynəlxalq hüquqa uyğun şəkildə apararaq suverenliyini və ərazi bütövlüyünü bərpa edib.

Müharibədə həlak olmuş erməni hərbçiləri “vətən uğrunda” deyil, Azərbaycanın suveren torpaqlarında qanunsuz yerləşmiş işğalçı qüvvələrin tərkibində məhv ediliblər. Bu şəxslər 30 il boyunca Azərbaycan şəhər və kəndlərini işğal etmiş, mülki əhaliyə qarşı ağır cinayətlər törətmiş işğalçı rejimin bir hissəsi olub və Azərbaycan Ordusu üçün legitim hərbi hədəflər sayılıblar.

Buna baxmayaraq, Fransa səfirliyinin bəyanatında “vətən” anlayışından istifadə etməsi, Parisin Qarabağın Azərbaycana məxsus olduğunu qəbul etmək istəmədiyini göstərir. Halbuki Ermənistan artıq rəsmi olaraq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb və regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşıb.

Ekspertlər vurğulayır ki, işğalçı qüvvələrin üzvlərini “vətən uğrunda həlak olanlar” kimi təqdim etmək Fransa dövlətinin anti-Azərbaycan mövqeyinin bariz göstəricisidir. Daha əvvəl də Paris qondarma separatçı qurumlara siyasi jestlər göstərmişdi və bu bəyanatla öz mövqeyini bir daha ortaya qoyub.

Fransa siyasi dairələri, o cümlədən Emmanuel Makron administrasiyası anlamalıdır ki, Qarabağ müharibəsinin nəticələri dəyişməzdir və regionda sülhün təmin olunması üçün bu faktın təhrif edilməməsi vacibdir.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.