Pandemiya sonrası yeni gündəm
Türkiyədə müzakirəyə çıxarılan “COVID əfvi” layihəsi regionda analoji proseslərə yol açıb.
Türkiyə parlamentində pandemiya dövründə tətbiq edilmiş bəzi cərimələrin əfv olunmasını nəzərdə tutan qanun layihəsinin müzakirəyə çıxarılması digər ölkələrdə də analoji məsələləri gündəmə gətirib. “COVID əfvi” adlandırılan təşəbbüsün Türkiyədə 50-55 min nəfəri əhatə edəcəyi bildirilir.
Pandemiya zamanı tətbiq olunan inzibati cərimələrin ləğvi və ya ödənilmiş məbləğlərin geri qaytarılması artıq bir sıra dövlətlərdə praktikaya çevrilib. Beynəlxalq təcrübədə bu addımlar fərqli modellərlə həyata keçirilir – tam azadolunma, qismən kompensasiya və fərdi qaydada qiymətləndirmə kimi.
Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənov açıqlamasında bildirib ki, Azərbaycan da mövcud tendensiyanı nəzərə alaraq bu mexanizmi müzakirəyə çıxara bilər. Deputatın sözlərinə görə, Rusiya, Gürcüstan, Sloveniya və Serbiya kimi ölkələrdə pandemiya cərimələrinə yenidən baxılması artıq tətbiq olunub:
“Bu cür qərarlar ümumi deyil, daha çox konkret hallara görə verilib. Maska taxmamaq, karantin qaydalarını pozmaq və ya kütləvi tədbirlərə görə cərimələnmə halları ayrı-ayrılıqda qiymətləndirilib. Bəzi ölkələrdə hətta ödənilmiş vəsaitlər qismən geri qaytarılıb.”
Azər Allahverənov xatırladıb ki, Azərbaycanda həmin dövrdə əsasən maska rejiminin pozulması, toy və digər kütləvi tədbirlərin təşkili səbəbilə cərimələr tətbiq edilirdi. O əlavə edib ki, məsələ Milli Məclisdə rəsmi şəkildə gündəmə gətirilsə, komitə beynəlxalq təcrübə əsasında mövqeyini bildirə bilər.
Deputat həmçinin vurğulayıb ki, karantin rejimi hüquqi olaraq hələ də qüvvədədir və bəzi məhdudiyyətlər, xüsusilə quru sərhədlərində tətbiq olunmağa davam edir. Buna görə də mövzuya kompleks yanaşma tələb olunur:
“İnsanların sosial rifahı ilə təhlükəsizlik balansda saxlanmalıdır. “COVID əfvi” mümkündür, amma bu, bütün cərimələrin avtomatik ləğvi mənasına gəlmir. Məsələ geniş müzakirəyə ehtiyac duyur.”
Deputatın fikrincə, aidiyyəti dövlət qurumlarının rəy və təkliflərindən sonra məsələ ilə bağlı yekun qərar verilə bilər.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.