Pakistan və Taliban arasında gərginlik kəskinləşdi
İslamabad Əfqanıstanda hədəflərə zərbələr endirdiyini açıqladı, tərəflər itkilərlə bağlı ziddiyyətli rəqəmlər səsləndirir
Gecə saatlarında Pakistan silahlı qüvvələri Əfqanıstanın iri şəhərlərində Taliban hakimiyyətinə məxsus hədəflərə zərbələr endirib.
Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif hadisələrlə bağlı açıqlamasında vəziyyətin artıq “açıq müharibə” mərhələsinə keçdiyini bildirib. “Səbrimiz tükənib. Hazırda bizimlə Əfqanıstan arasında açıq müharibə gedir”, – deyə nazir vurğulayıb.
Pakistan mənbələrinin məlumatına görə, sərhəd xətti boyunca həm hava, həm də quru əməliyyatları həyata keçirilib. Bildirilir ki, zərbələr Talibanın mövqelərinə, qərargahlarına və silah anbarlarına yönəlib. Rəsmi İslamabadın sözçüsü Müşərrəf Zeydi X sosial şəbəkəsində paylaşım edərək əməliyyatların “Əfqanıstandan gələn səbəbsiz hücumlara cavab” olduğunu qeyd edib. Onun sözlərinə görə, 133 Taliban döyüşçüsü öldürülüb, 200-dən çoxu yaralanıb, 27 mövqe məhv edilib, 9-u isə nəzarətə götürülüb.
Taliban tərəfi isə bu məlumatları təkzib edib. Hərəkatın sözçüsü Zəbihullah Mücahid Pakistan qüvvələrinin Kabil, Qəndəhar və Paktiya əyalətlərində hava hücumları həyata keçirdiyini bildirib. Onun iddiasına görə, qarşıdurma zamanı 55 Pakistan hərbçisi həlak olub, 19 mövqe ələ keçirilib. Mücahid həmçinin Nangarharda 8 Taliban üzvünün öldürüldüyünü, 11 nəfərin yaralandığını və 13 mülki şəxsin xəsarət aldığını açıqlayıb.
Qeyd edək ki, rəsmi İslamabad Kabulu Pakistanda hücumlar təşkil edən “Təhriki-Taliban Pakistan” (TTP) qruplaşmasının üzvlərinə sığınacaq verməkdə ittiham edir. Taliban isə bu iddiaları rədd edir və Pakistanın təhlükəsizlik problemlərinin onun daxili məsələsi olduğunu bildirir. Hərəkat rəhbərliyi Əfqanıstan ərazisindən üçüncü tərəflərə qarşı hücumlara icazə verilmədiyini bəyan edib və zərbələrə “sərt cavab” veriləcəyini açıqlayıb.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.