Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Özəl Klinikalarda Onkoloji Müalicəyə İcazə Verildi

Vətəndaşlar Həkim və Klinikanı Sərbəst Seçə Biləcək

45

Ölkədə onkoloji xəstələr artıq yalnız dövlət müəssisələri ilə məhdudlaşmayaraq, lisenziyalı özəl klinikalarda da müalicə ala biləcəklər.

Bu məsələ Azərbaycan Respublikası Milli Məclisinin bugünkü plenar iclasında müzakirə edilən “Əhalinin sağlamlığının qorunması haqqında” və “Onkoloji yardım haqqında” qanunlarda dəyişikliklər layihəsində öz əksini tapıb.

Yeni dəyişikliklərlə onkoloji xidmətlərin yalnız dövlət tibb müəssisələri ilə məhdudlaşdırılması aradan qaldırılacaq. Hazırda qüvvədə olan qanuna görə, bu xidmətlər yalnız ixtisaslaşmış dövlət müəssisələrində göstərilir və xəstələr üçün dövlət büdcəsi hesabına maliyyələşdirilir. Dövlət, həmçinin onkoloji xəstələrin dispanserizasiyası, müalicəsi və reabilitasiyasını həyata keçirən ixtisaslaşdırılmış müəssisələrin yaradılması və texniki bazasının gücləndirilməsini təmin edir.

Qanunvericiliyə əsasən, onkoloji yardım fərdi müraciət və ya müalicə-profilaktika müəssisəsinin göndərişi ilə ixtisaslaşmış dövlət müəssisələrində göstərilir. Lakin “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun 24-cü maddəsi pasiyentin həkim və tibb müəssisəsini seçmək hüququnu tanısa da, indiki qaydalar onkoloji xidmətin yalnız dövlət müəssisələrində göstərilməsini tələb edir. Bu isə xəstələrin seçim imkanlarını məhdudlaşdırır.

Mövcud qanunvericiliyə görə, özəl klinikaların onkoloji xidmət göstərməsi lisenziyadan kənar hesab olunur və məsuliyyət yaradır. Bununla yanaşı, ölkədə onkoloji xəstələrin sayının çoxluğu və müalicənin yalnız dövlət büdcəsi hesabına aparılması bir sıra vətəndaşların xaricdə müalicə axtarmasına səbəb olur. Halbuki, ölkədə müasir avadanlıqlarla təchiz edilmiş və ixtisaslı həkimlərin çalışdığı özəl klinikalar mövcuddur.

Qanun layihəsi ilə özəl tibb müəssisələrinə “Lisenziyalar və icazələr haqqında” qanuna uyğun şəkildə onkoloji xidmət göstərmək hüququ veriləcək. Yalnız müvafiq lisenziyaya malik özəl klinikalar bu fəaliyyəti həyata keçirə biləcək.

Layihənin qəbul edilməsi ilə vətəndaşlar istədikləri halda həm dövlət, həm də lisenziyalı özəl müəssisələrdə müalicə almaq imkanına sahib olacaqlar. Beləliklə, həm Azərbaycan vətəndaşları, həm də ölkədə yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər həkim və tibb müəssisəsini sərbəst seçə biləcəklər.

Qanun layihəsi üçüncü oxunuşda səsə qoyularaq qəbul edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.