Orta məktəblərdə tədris ili azaldılacaq? – Ekspertdən vacib açıqlama
Təhsil eksperti Kamran Əsədov bildirir ki, əsas məsələ illərin sayında deyil, tədrisin keyfiyyətindədir
Son günlər sosial şəbəkələrdə orta məktəblərdə tədris ilinin azaldılması ilə bağlı yayılan fikirlər ictimai müzakirələrə səbəb olub. Məsələyə münasibət bildirən təhsil eksperti Kamran Əsədov qeyd edib ki, təhsil müddətinin qısaldılması və ya artırılması pedaqoji və sosial nəticələrə təsir göstərən ciddi məsələdir.
“Ümumi təhsil haqqında Qanuna görə, baza təhsil 9 illik, tam orta təhsil isə 11 illikdir. Finlandiya, Yaponiya və Cənubi Koreya kimi ölkələrdə 12 illik sistem tətbiq olunur və bu, şagirdlərin sosial adaptasiyasına, ixtisaslaşmasına müsbət təsir edir. Azərbaycanda isə əsas problem tədris müddətində deyil, proqramın yüklülüyü və fərdi yanaşmanın azlığındadır,” – deyə ekspert bildirib.
K. Əsədovun sözlərinə görə, 2024-cü ilin statistikası göstərir ki, Azərbaycanda orta məktəblərdə şagird başına düşən dərs yükü 33 saatdır, bu da OECD ölkələrinin orta göstəricisindən 5 saat çoxdur:
“Bu, onu göstərir ki, bizdə dərs saatı çox olsa da, nəticə eyni templə yüksəlmir. Tədris müddətini azaltmaq yox, məzmunu sadələşdirmək və tədris keyfiyyətini artırmaq lazımdır.”
Ekspert əlavə edib ki, təhsil səviyyəsində aparılacaq dəyişikliklərin mərkəzində məzmunun humanistləşdirilməsi və fərdiləşdirilməsi dayanmalıdır:
“Əlavə illər yalnız o halda faydalı olar ki, o illər şagirdlərin ixtisaslaşmasına və gələcək karyerasına xidmət etsin. Əks halda, bu, sadəcə rəqəmlərin dəyişməsi olacaq. Nazirlik bu istiqamətdə çevik və faktlara əsaslanan siyasət yürüdür, bu da gələcəkdə daha səmərəli nəticələrə gətirib çıxara bilər.”
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.