Bizimlə həyatınız həmişə işıqlı olacaq!

Orduda 8 Mart Bayramı: Qadın hərbçilər təntənə ilə təbrik olundu

Xidmətdə fərqlənən xanımlar mükafatlandırıldı

267

Azərbaycan Ordusunda 8 Mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş silsilə tədbirlər təşkil edilib. Bayram proqramlarında qadın hərbi qulluqçular, mülki işçilər və şəhid ailələrinin üzvləri iştirak ediblər.

Tədbirlər xalqımızın Ümummilli Lideri Heydər Əliyev və Vətən uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovun bayram təbriki tədbir iştirakçılarına çatdırılıb.

Çıxış edənlər vurğulayıblar ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı layihələr milli-mənəvi dəyərlərin qorunmasına, humanizm prinsiplərinin təşviqinə və tarixi ənənələrin yaşadılmasına mühüm töhfə verir. Bildirilib ki, ölkənin müdafiə gücünün artırılması, bərpa və quruculuq prosesləri, eləcə də Böyük Qayıdış proqramı çərçivəsində Azərbaycan qadınları fəal iştirak edərək öz layiqli töhfələrini verirlər. Qeyd olunub ki, mərhəmət, humanizm və vətənpərvərlik kimi ali keyfiyyətləri ilə seçilən qadınlar ordu quruculuğunda da mühüm rol oynayırlar.

Diqqətə çatdırılıb ki, Ordunun bütün qoşun növlərində, xüsusi təyinatlı təhsil ocaqlarında, hərbi tibb müəssisələrində və digər strukturlarda xidmət edən qadın hərbi qulluqçuların, dövlət qulluqçularının və mülki əməkdaşların fəaliyyəti daim yüksək qiymətləndirilir. Onlara həm xidmətlərində, həm də şəxsi həyatlarında uğurlar arzulanıb, xidmətdə seçilən bir qrup xanım müxtəlif mükafatlara layiq görülüb.

Tədbirlərin sonunda iştirakçı qadınlara bayram sovqatları və gül dəstələri təqdim edilib.

Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.