Niderland Krallığının Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Onno Kervers və BMT Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin fevralın 13-də Mingəçevirdə səfərdə olublar. Onlar Mingəçevirdə həyata keçirilən bir neçə layihə ilə bağlı gəldiklərini bildiriblər. Qonaqları Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qəbul edib, şəhər haqqında ətraflı məlumatlandırıb. Başçı bildirib ki, bu layihələrlə tanışdır: “Layihələrdə çoxlu sayda mingəçevirli gənc iştirak edir, bu da onların formalaşmasında, intellektlərinin yüksəlməsində öz töhfəsini verir. Eyni zamanda aztəminatlı ailələrə uşaq hüquqları ilə bağlı hüquqi xidmət mərkəzinin də səmərəli fəaliyyətinə ümid edirik”.
Görüşdə Nidarlandla Mingəçevir arasında iqtisadi imkanların, xüsusən sahibkarlıq əlaqələrinin qurulmasından söz açılıb.
Bundan sonra qonaqlar Mingəçevir Gənclər Evi sosial xidmət müəssisəsini ziyarət edib və Azərbaycan höküməti ilə birgə beynəlxalq əməkdaşlıq proqramına uyğun bölgələrdə həyata keçirilən layihələrin icra vəziyyəti ilə yaxından tanış olublar. Sosial xidmət müəssisəsinin direktoru Tural Kərimov onlara ölkədə aparılan gənclər siyasətinin bölgə gəncliyi önündə açdığı yeni üfiqlər, beynəlxalq əməkdaşlığın bu prosesə müsbət təsiri, Mingəçevir Gənclər Evinin fəaliyyəti, könüllüləri, texniki imkanları və iştirakçısı olduqları layihələr barədə ətraflı məlumat verib, indiyədək əldə olunan uğurlardan danışıb: “Hazırda Gənclər Evinin könüllüləri BMT Uşaq Fondunun Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi “Əsas həyat bacarıqları” layihəsində, eləcə də onların AFFA-nin birgə dəstəyi ilə gerçəkləşdirdiyi “Qızlar bacarır” layihəsində fəal iştirakçı və tərəfdaş qismində təmsil olunurlar. Qısa zaman keçməsinə rəğmən hər iki layihənin icrasında ciddi naliyyətlər əldə edilib. Məqsəd uşaq, yeniyetmə və gənclərdə sərbəst düşüncə, stresdən yayınma , özünü qiymətlndirmə və digər psixoloji keyfiyyətlərin aşılanması və qadın futboluna marağın artırılmasıdır”.
Qonaqlar ayrı-ayrı dərnəklərin, bölmələrin və digər strukturların işi ilə yaxından tanış olub, yeniyetmə və gənclərlə fəal müzakirələr aparıb, layihələrin icrasından məmnunluq ifadə ediblər. Söhbət zamanı gənclərin istəkləri dinlənilib, onlara lazımi tövsiyələr verilib. İstedadlı uşaqlar tərəfindən çəkilmiş rəsm əsərləri rəsmi qonaqlara hədiyyə edilib.
Niderland Kralliğinin Azərbaycandakı səfiri Onno Kerves və YUNİSEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Edvard Karvardin şəhərdə fəaliyyət göstərən mətbuat nümayəndələri ilə də görüşüblər. Hər iki rəsmi şəxs Mingəçevir səfərinin məqsəd və məramı barədə ətraflı danışaraq, jurnalistlərin suallarını cavablandırıblar.
Səfər proqramı Yaşar Məmmədzadə adına şəhər stadionunda başa çatıb. Burada qonaqlar AFFA-nın da dəstək verdiyi “Qızlar bacarır” layihəsinin iştirakçıları ilə görüşüblər. Görüş yeniyetmə və gənc qızlardan ibarət futbol komandasının məşqlərinə təsadüf edib. Komanda üzvləri və məşqçiləri ilə həmsöhbət olan diplomatlar idmançı qızlarla maraqlı dialoq qurublar. Qadın futbolunun təbliğ olunmasının cəmiyyətdə bir yeniliyə və canlanmaya səbəb olacağı vurğulanıb. Sonda Niderland Krallığının səfiri komandaya xatirə hədiyyəsi kimi Niderlandda istehsal olunan iki top bağışlayıb.
Şərhlər bağlıdır.