Ombudsmandan vacib təklif: Orta məktəblərdə psixoloq sayı artırılmalıdır
Səbinə Əliyeva həmçinin diabet xəstələrinin təminatı və ictimai nəqliyyatda güzəştlərin tətbiqini zəruri hesab edir
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva 2026-cı ilin dövlət büdcəsi layihəsinə verdiyi rəyində vətəndaşların sosial rifahının artırılması məqsədilə bir sıra təkliflər irəli sürüb.
Təkliflər parlamentin bir neçə komitəsinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı səsləndirilib.
Səbinə Əliyeva qeyd edib ki, şəkərli diabet xəstələrinin təminatının gücləndirilməsi vacib məsələdir. Onun sözlərinə görə, yeni elmi-tibbi biliklərin tətbiqi ilə bağlı aparılan təhlillər, eləcə də Türkiyə kimi ölkələrin müsbət təcrübəsi nəzərə alınmaqla, diabet xəstələrinin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı daha da gücləndirilməlidir.
Ombudsman bildirib ki, ictimai nəqliyyatda sosial qruplar üçün güzəştlərin tətbiqi də vacibdir. O, təqaüdçülər, əlilliyi olan şəxslər, şagird və tələbələr üçün bu güzəştlərin xarici ölkələrdə geniş tətbiq olunduğunu və Azərbaycanda da belə bir addımın sosial ədalət baxımından əhəmiyyətli olacağını vurğulayıb.
Səbinə Əliyeva, həmçinin, orta təhsildə sosial bərabərliyin təmin olunması üçün şagirdlərə dərsliklərlə yanaşı, digər köməkçi vəsaitlərin də dövlət hesabına verilməsini təklif edib. Onun fikrincə, ölkədə icbari təhsilin təminatı çərçivəsində bu materiallardan kompleks şəkildə istifadə edildiyi üçün onların ödənişsiz təqdim edilməsi məqsədəuyğundur.
Bundan əlavə, Ombudsman orta məktəblərdə psixoloq ştatlarının artırılmasının vacibliyinə diqqət çəkib. O bildirib ki, mövcud ştat sayı şagird sayına nisbətdə kifayət qədər deyil və bu sahədə artıma ciddi ehtiyac var.
Şərhlər bağlıdır, lakin trackbacks və pingbacks açıqdır.